2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar aparılacaq.
Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin 2023-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib. Şöbə müdiri Mədinə Səidova planı təqdim edərək bildirib ki, “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzularının işlənməsi də 2023-cü il üzrə fəaliyyət planına daxildir.
M.Səidova cari il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin çapı ilə bağlı nəzərdə tutulan planı diqqətə çatdırıb.
Daha sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti üzrə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Həmçinin şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin nəzdində elmi analitika xidmətinin yaradılmasının vacibliyini qeyd edib, e-elmin formalaşması və elmmetriya problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim istinadlar şəbəkəsi əsasında elmi əsərlərin qiymətləndirilməsi, saxta jurnalların identifikasiya metodlarının analizi, e-kitabxanalarda elmi nəşrlərin qiymətləndirilməsi, eləcə də bulud əsaslı e-kitabxanaların arxitektur-texnoloji prinsiplərinin işlənilməsi üzrə tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.