“EaPConnect” saytında AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin genişləndirilməsi işlərinin başa çatdığına dair xəbər dərc olunub.
Məlumatda bildirilir ki, Azərbaycanın tədqiqat və təhsil icmasında istifadəçilərin tələblərinə uyğunlaşmaq üçün AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin texniki imkanlarını nəzərdən keçirmək, yenidən qurmaq və genişləndirmək zərurəti yarandığından bu istiqamətdə tədbirlər görülmüşdür. Mərkəzin sahəsi 35 kv.m-dən 140 kv.m-ə qədər artırılmış və burada daha güclü, yüksək tutumlu soyutma sistemi tətbiq olunmuşdur.
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev qeyd edib ki, bu dəyişikliklər “EapConnect” layihəsinin 5 benefisiarından biri olan AzScienceNet şəbəkəsinə beynəlxalq elm və təhsil ictimaiyyətində milli elm və təhsil şəbəkəsi kimi fəaliyyətini genişləndirməyə imkan verəcək.
B.Nəbiyevin sözlərinə görə, Mərkəzin genişləndirilməsi Azərbaycanın elm və təhsil ictimaiyyətinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını asanlaşdıracaq və nəticədə Azərbaycanın daha çox universiteti və tədqiqat institutunun AzScienceNet-ə qoşulmasına, GEANT-ın məqsədyönlü və ekspert xidmətlərindən yararlanmasına şərait yaranacaq. Bu yenidənqurma işləri Şəbəkə İdarəetmə Mərkəzi ilə yanaşı, bütün təşkilatın təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayır. Bundan əlavə, AzScienceNet-in informasiya təhlükəsizliyi sistemləri ilə bağlı görülən işlər hazırda Avropa standartlarına cavab verməklə daha geniş imkanlar təqdim edir.