İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Klasterləşdirmədən istifadə etməklə loq-faylların emalı üçün metodun işlənməsi” (“Development of a method for processing log files using clustering”) adlı məqaləsi “Springer Nature” akademik nəşriyyatı tərəfindən nəşr edilən “Soft Computing” jurnalında dərc olunub. Jurnal nüfuzlu “Web of Science” elmi bazasına daxildir və impakt faktoru 3.732-yə bərabərdir.
Məqalədə qeyd edilir ki, loq-faylı veb-saytda və ya serverdə baş verən bütün hadisələrin ardıcıl qeydiyyatını aparan, hər hansı bir mətn redaktorunda asanlıqla açıla bilən sənəddir. Bir çox loq-fayllar böyük həcmə malikdirlər. Texniki nasazlıqlar, virusa yoluxma, haker və DDoS hücumları zamanı administrator səbəbi tapmaq üçün jurnalda qeyd olunan məlumatlardan istifadə edə bilir ki, bu da arzuolunmaz problemlərin aradan qaldırılmasını asanlaşdırır və sürətləndirir.
Elmi-tədqiqat işində bir sıra loq-analiz funksiyaları və xüsusiyyətləri, veb-loqların növləri, formaları və s. araşdırılmışdır. Araşdırma nəticəsində məlum olub ki, loq-faylları mətn sənədlərindən müxtəlif verilənlər bazalarına yerləşdirmək əsas məsələlərdən biridir və bu hallarda istifadə üçün “Squid proxy” ən yaxşı proqram paketlərindəndir. Tədqiqat zamanı nümunə üçün “Squid.db”dən istifadə etməklə “MySQL” bazasının cədvəlinə verilənlər yerləşdirilmişdir. “Squid proxy” serveri “keş-proxy” server olduğu üçün resurslar orada toplanır və müraciətdə iş sürətlə yerinə yetirilir. “Squid proxy” vasitəsilə “MySQL”ə yerləşdirilən verilənlər bazasının cədvəlindəki verilənlərdən istifadə etməklə klasterləşdirilmə həyata keçirilmişdir. Qarşıya qoyulmuş məsələnin həlli üçün klasterləşdirmə metodunun tətbiqi səmərəli nəticələrin əldə edilməsinə imkan vermişdir.
Qeyd edək ki, “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.
Jurnal “SCOPUS”, “Springerlink”, “DBLP”, “INSPEC”, “EBSCO host”, “Science Citation Index”, “Compendex”, “Computer Science Index” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.