Kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılır

16 Mart 2023 - 11:13 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında 10 saylı şöbənin 2023-cü il üzrə fəaliyyət planına dair məruzə dinlənilib.

Məruzəni təqdim edən şöbə müdiri Şakir Mehdiyev cari il ərzində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində İndustry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların aparılacağını qeyd edib.

Onun sözlərinə görə, bu problem çərçivəsində “Kiber-fiziki sistemlərin dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə sensor və sensor şəbəkələrinin enerji dayanıqlığının artırılması üçün metod və alqoritmlərin işlənməsi”, “Kritik infrastrukturlu sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmaların aparılması nəzərdə tutulur.

Şöbə rəhbəri qeyd edib ki, “Mobil sensor şəbəkələrində etibarlılığın təmin edilməsinin metodlarının tədqiqi”, “Mobil sensor şəbəkələrində fərdi məlumatların təhlükəsizliyinin təmin olunması problemləri”, “Mobil sensor şəbəkələrinə kiberhucumların monitorinqi” kimi mövzuların işlənməsi də 2023-cü il üzrə fəaliyyət planına daxildir.

Sonra məruzəçi cari il ərzində şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak  çərçivəsində görüləcək işlər haqqında məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.