Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13 Mart 2023 - 09:44 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2023-cü il üçün fəaliyyət planı müzakirə edilib. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim edib.

R.Ələkbərov mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri istiqamətində elmi tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb. O, “Bulud hesablamalarının sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi”, “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” və “Kiberinsidentlərin aşkarlanması və ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzularında aparılan elmi-tədqiqat işlərindən bəhs edib. Bulud texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması, mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi, kiber-fiziki sistemlərin elmi-nəzəri problemlərinin analizi, şəbəkə mühitində kiberinsidentlərin aşkarlanması sahəsində elmi-nəzəri problemlərin təhlili ilə bağlı araşdırmaların aparılmasının nəzərdə tutulduğunu bildirib.

Şöbə rəhbərinin sözlərinə görə, cari ildə şöbədə “Paylanmış hesablama sistemlərinin resurslarının səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarının tətbiqi”, “Şəbəkə sistemlərinin və vasitələrinin səmərəli idarə edilməsi mexanizmlərinin işlənilməsi”, “Superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları, “Naqilsiz şəbəkə texnologiyaları: inkişaf mərhələləri, problemləri və təhlükəsizlik məsələləri”, “Süni intellekt texnologiyaları: müasir vəziyyəti və problemlərin araşdırılması”, “Veb-səhifələrin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunması üçün mexanizmlərin işlənilməsi” və “Müxtəlif əməliyyat sistemləri əsasında təşkil olunan internet xidmətlərinin mövcud vəziyyəti və problemləri” üzrə araşdırmalar aparılacaq.

O, həmçinin “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsizliyi məsələləri” və “Industry 4.0 platformasında kritik infrastrukturların kiberdayanıqlılığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi” mövzuları üzrə qrant layihələrin yerinə yetirilməsi istiqamətində işlərin davam etdiriləcəyini söyləyib.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb. Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə qrant layihələrində iştirak ediləcəyini bildirib.

R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim bulud hesablamalarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi, kiber-fiziki sistemlərin elmi-nəzəri problemlərinin araşdırılması, şəbəkə mühitində kiberinsidentlərin aşkarlanması, Grid sisteminin yaradılmasında istifadə edilən proqram təminatı vasitələrinin analizi, süni intellekt sistemlərində tədqiqat metodlarının müqayisəli təhlili, veb-səhifələrin beynəlxalq standartlara uyğun hazırlanması mexanizmlərinin araşdırılması və s. istiqamətlərdə aparılan elmi tədqiqatların önəmini qeyd edib. Akademik R.Əliquliyev şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, şöbədə aparılan elmi tədqiqatların səmərəliliyinin artırılması və əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.