Azərbaycan dilinin orfoqrafiya lüğəti ədəbi dildə işlənən sözlərin düzgün yazılış formalarını özündə ehtiva edən, bu dilin daşıyıcısı olan cəmiyyətin hər bir üzvünün istinad və istifadə edə biləcəyi mötəbər bir mənbədir. Hər bir dilin lüğət tərkibində zaman keçdikcə müəyyən dəyişikliklər baş verir ki, bu təbii proses də həmin dilin orfoqrafiya lüğətinin yenilənməsini zəruri edir. Müasir qloballaşma dövründə Azərbaycan dilinin lüğət tərkibində də ciddi dəyişikliklər özünü göstərmiş və ədəbi dilimiz zamanın tələbi ilə bir sıra yeni anlayışları əks etdirən söz və ifadələrlə xeyli zənginləşmişdir. Hazırda dilin orfoqrafiya lüğətinin internet-resurslara inteqrasiyası məsələsi də son dərəcə aktualdır.
Bu barədə institutun baş mütəxəssisi Raqif İsmayılov İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarında orfoqrafiya lüğətinin internet-resurslara inteqrasiyası və mətnlərin avtomatik düzəlişi məsələlərinə dair aparılan müzakirələr zamanı bildirib.
Məruzəçi dilin orfoqrafiya lüğətinin internet-resurslara inteqrasiyası üçün milli dil korpusunun inkişaf etdirilməsindən bəhs edib. Bildirib ki, milli dil korpusu konkret bir dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat-axtarış sistemidir. Burada bütün növ lüğətlər (ikidilli, çoxdilli tərcümə lüğətləri, terminoloji, dialektoloji, onomastik, ensiklopedik və s.), müxtəlif janrlarda yazılmış bədii mətnlər, jurnal və qəzet materialları, elmi, elmi-populyar və s. mətnlər əks olunur. Korpusu təşkil edən mətnlərə müraciət formaları müəyyən qaydalar üzrə nizamlanır. İstifadəçiyə korpusdan istənilən məsələ ilə bağlı olan lazımi məlumatı əldə etmək imkanı təqdim edilir.
O, dünyada yaradılan dil korpusları haqqında məlumatı da təqdim edib: “Aparılan araşdırmalara əsasən, English-Corpora.org dünyada ən zəngin dil korpuslarından ibarət olan platformadır. Burada yer alan onlayn dil korpuslarından dünyanın bütün universitetlərinin müəllim və tədqiqatçıları müxtəlif məqsədlər üçün geniş istifadə edirlər. Bundan əlavə, korpus məlumatları bir çox müxtəlif sferalarda, xüsusilə də texnologiya və dilçilik sahələrində böyük müəssisələr tərəfindən istifadə olunur”.
Azərbaycan dilinin orfoqrafiya lüğətinin inkişaf mərhələlərindən söz açan R.İsmayılov onun internet-resurslara inteqrasiyasının təmin olunması məqsədilə Azərbaycan milli dil korpusunun yaradılmasının geniş imkanlar təqdim edə biləcəyini söyləyib. Bunun üçün isə zəngin məlumat bazasının formalaşdırılması, müvafiq proqram təminatının hazırlanması və istifadəçilər üçün əlçatan onlayn mühitin təqdim edilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan milli dil korpusunun yaradılması, eyni zamanda, mətnlərin avtomatik düzəlişi məsələsini də asanlaşdıra bilər. Belə ki, mətnlərin avtomatik düzəlişi müxtəlif mühitlərdə və mətnlərin redaktəsi üçün nəzərdə tutulmuş proqram təminatlarında həyata keçirilməlidir. Bu proqram təminatının milli dil korpusu ilə əlaqəli şəkildə hazırlanması müsbət nəticələrin əldə olunmasına gətirib çıxara bilər.
Məruzəçi, həmçinin bildirib ki, “Windows” əməliyyat sistemində mətnlərin avtomatik düzəlişini yerinə yetirən funksionallıq mövcuddur. Bununla yanaşı, mətnlərin redaktəsi zamanı lazımi əməliyyatları həyata keçirən bir çox proqram təminatları vardır. Məsələn, “Key Switcher” müxtəlif səhvləri müəyyən etmək və avtomatik olaraq düzəltmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı proqram vasitəsidir. “Grammarly” veb-platforması və proqram təminatında mətnlərin avtomatik düzəlişi və onların əsasında statistik hesabatların əldə edilməsi imkanları təqdim olunur. Klaviatura düzəlişlərini avtomatik yerinə yetirən “Punto Switcher” proqramının isə əsas funksiyalarından biri transliterasiya əməliyyatını icra etməkdir.
Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova mövzuya dair fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.