Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri müzakirə olunub

07 Fevral 2023 - 16:28 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” adlı məruzəni təqdim edərək linqvistik demoqrafiya, dünyada və Azərbaycanda dillərlə bağlı vəziyyət, eləcə də e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanın formalaşması haqqında məlumat verib.

Şöbə rəhbəri bildirib ki, demoqrafiya əhali artımının qanunauyğunluqlarını, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən multidissiplinar elmdir. Onun siyasi, iqtisadi, tibbi, coğrafi, etnoqrafik, eləcə də linqvistik sahələri var.

Sonra linqvistik demoqrafiya və onun əsas problemlərindən bəhs edən məruzəçi qeyd edib ki, linqvistik demoqrafiya bütün əhali qrupları arasında dillərin statistik tədqiqini nəzərdə tutur: “Buradakı əsas problemlər “dil” və “dialekt”, həmçinin “ana dili” anlayışının tərifini çətinləşdirən insanlara məxsus çoxdillilik, bir çox ölkələrdə siyahıyaalma məlumatlarının kifayət qədər olmaması ilə bağlıdır”.

G.Nəbibəyova dünyada 7000-dən çox dilin mövcud olduğunu vurğulayaraq ENCARTA ensiklopediyasının 2009-cu il üzrə məlumatlarına əsasən, Azərbaycan dilində danışanların sayının dünyada 30-cu yerdə qərarlaşdığını qeyd edib. Əlavə edib ki, ölkəmizdə YUNESKO tərəfindən təhlükə altında hesab edilən, hətta məhv olmuş dillər mövcuddur.

Şöbə müdiri e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanin formalaşması məsələlərindən də söz açaraq bu gün informasiya texnologiyalarının insan həyatının və fəaliyyətinin bütün sahələrinə nüfuz etdiyini, bu təsir nəticəsində e-elm, e-tibb və s. istiqamətlərlə yanaşı, demoqrafiyanın da yeni istiqaməti – e-demoqrafiya meydana çıxdığını söyləyib.

Onun sözlərinə görə, demoqrafiya çoxsahəli bir elm olduğundan elektron demoqrafik sistemin verilənlər anbarı bir neçə verilənlər vitrinlərinə bölünür. Bu verilənlər vitrinlərindən biri də linqvistik demoqrafiyaya aiddir. Linqvistik demoqrafiyaya dair məlumatların elektron demoqrafik sistemə daxil edilməsi zamanı müəyyən problemlərin yarandığını söyləyən G.Nəbibəyova onların öz həllini tapması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.