AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağının növbəti iclası keçirildi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda hibrid formatda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev, Ümumi yığıncağın üzvləri, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri və digər aidiyyəti şəxslər iştirak edirdilər.
Akademik Rasim Əliquliyev iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş FRTEB-ə daxil olan elmi müəssisə və təşkilatların qarşısına elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırdı.
Alim AMEA-nın rəhbərliyindən olan nümayəndələr və müvafiq dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən hesabat iclaslarının institutların illik fəaliyyətinin qiymətləndirilməsi və daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi, görülən işlərin keyfiyyətinin artırılması, o cümlədən qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Öncə AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi müəssisədə 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini təqdim etdi. Bildirdi ki, hesabat ilində institutda elmi tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə (5-i riyaziyyat, 2-si mexanika olmaqla) 7 elmi istiqaməti əhatə edib. Həmin elmi istiqamətləri təqdim edən Misir Mərdanov institutun əməkdaşları – AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasovun yaratdıqları “Layda qazəmələgətirmə texnologiyası”nın “Binagadi Oil Company” şirkətində istismar və su vurucu quyularında neftçıxarmanın intensivləşdirilməsi və qəbuletmənin artırılması məqsədilə tətbiq olunduğunu, 30-35% effektiv nəticənin alındığını söylədi. Həmçinin Vyetnamın “Vietsovpetro” şirkətinə məxsus stasionar platformalar arasında mürəkkəb həndəsi quruluşa malik qaz kəmərinin təmizlənməsi üçün institutun əməkdaşları – AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasovun yaratdıqları “Boru kəmərlərinin gel kompozisiyaları ilə təmizlənməsi” innovativ texnologiyanın uğurla sınaqdan keçirildiyini qeyd etdi.
Elmi nəşriyyat fəaliyyətindən söz açan baş direktor institut əməkdaşlarının 2022-ci ildə 148 məqalə (104-ü “Clarivate Analytics” və “Scopus” bazalarında), 164 tezis (52-si xaricdə), 2 kitab və 4 monoqrafiyasının (2-si xaricdə) çap olunduğunu, onların əsərlərinə 2000-ə yaxın istinad edildiyini bildirdi.
Misir Mərdanov müəssisədə “Proceedings”, “AMEA-nın Xəbərləri” (riyaziyyat buraxılışı), “Azerbaijan Journal of Mathematics”, “AMEA-nın Xəbərləri” (mexanika buraxılışı) jurnallarının işıq üzü gördüyünü, nəşrlərin “Clarivate Analytics”, “Scopus”, “Mathematical Reviews”, “Zentralblatt MATH” bazalarında referatlaşdırıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərin siyahısına daxil edildiklərini vurğuladı. Qeyd etdi ki, institutun 3 jurnalı “Scopus” bazasında impakt faktora malikdir, həmçinin “Web of Science” bazasına ölkəmizdən daxil olan 9 jurnalın 2-si Riyaziyyat və Mexanika İnstitutunda hazırlanır.
Alim institutda əldə edilmiş digər mühüm nəticələr, elmi nailiyyətlər və s. haqqında məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatını təqdim etdi. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırdı.
Akademikin sözlərinə görə, hesabat ilində institutda Big Data analitikası və Data Mining problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, rəqəmsal dövlətin formalaşması, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi, mürəkkəb bulud sistemlərinin intellektual analizi, proqram mühəndisliyi və proqram sistemlərinin analizi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri kimi elmi-nəzəri və tətbiqi mövzular üzrə tədqiqatlar aparılmışdır. Əldə olunmuş mühüm nəticələr “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur.
Elmi-texnoloji qrant layihələrində iştirakın institutun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə çatdıran alim AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən ölkədaxili və beynəlxalq qrant layihələri, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən prioritet istiqamətlər üzrə maliyyələşdirilən elmi-tədqiqat proqramlarında fəal iştirak edildiyini söylədi.
AMEA-nın vitse-prezidenti elektron elm və AzScienceNet şəbəkəsinin fəaliyyətindən də bəhs etdi. E-elmin informasiya təminatının formalaşdırılması işlərinin bu il də davam etdirildiyini, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytların işlənildiyini dedi. AMEA-nın elmi müəssisə və təşkilatlarının informasiya resurslarının Data Mərkəzdə saxlanılması və Hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə bağlı işlərin görüldüyünü bildirdi.
İnstitutun ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkən alim M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali məktəblərlə qurulan əməkdaşlıq əlaqələrindən danışdı.
İnstitutun baş direktoru Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini, Azərbaycanın GEANT Assosiasiyasında təmsil edildiyini söylədi. Qeyd etdi ki, institutun alim və mütəxəssisləri cari ildə GEANT və “EaPConnect” tərəfindən təşkil olunan bir neçə beynəlxalq tədbirdə iştirak ediblər.
Elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edən akademik cari ildə institut əməkdaşlarının məqalələrinə 1995 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 11204, son 20 ildə isə 19272-yə bərabər olduğunu dedi. 2022-ci ildə 76 məqalənin nüfuzlu “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edildiyini vurğuladı. Əlavə etdi ki, son 5 ildə institut əməkdaşlarının 316 məqaləsi, son 20 ildə isə 468 məqaləsi nüfuzlu elmi bazalarda öz əskini tapmışdır. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 3 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir.
Alim, həmçinin elmi-innovasiya və praktiki, elmi-texniki ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı, dövlət tapşırıqlarının icrası, institutda 2022-ci ildə müdafiə olunmuş və hazırda müdafiə ərəfəsində olan dissertasiya işləri, elmi biliklərin populyarlaşdırılması, sosial tədbirlər və digər istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verdi.
Çıxışının sonunda akademik R.Əliquliyev institutun fəaliyyətinin daha səmərəli təşkili, elmi potensialın gücləndirilməsi, elektron elmin maddi-texniki bazasının təkmilləşdirilməsi, habelə ölkəmizdə IV Sənaye İnqilabının çağırışlarının reallaşdırılması istiqamətində təkliflərini səsləndirdi.
Hər bir hesabata dair çoxsaylı suallar cavablandırıldı. Aparılan müzakirələr zamanı akademiklər – Rasim Əliquliyev, Yusif Məmmədov, Adil Qəribov AMEA-nın müxbir üzvləri – Afiq Həsənov, Ramiz Alıquliyev və digərləri çıxış edərək hesabatlarla bağlı fikirlərini bölüşdülər.
İl ərzində müvafiq elmi müəssisələrdə yerinə yetirilmiş işlərə, aparılmış elmi tədqiqatların nəticələrinə dair geniş fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olundu.
İclasın sonunda AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, “SİNAM” şirkətinin rəhbəri, texnika elmləri doktoru, professor Elçin Əliyevin 60 illik yubileyi münasibətilə FRTEB-in Fəxri Fərmanı ilə təltif edilməsi ilə əlaqədar məsələ müzakirə olundu və müvafiq qərar qəbul edildi, eləcə də bir sıra elmi-təşkilati məsələlərə baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.