Almaniyanın Brandenburq Texniki Universitetinin prezidenti, professor Gezine Grandenin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev İnformasiya Texnologiyaları İnstitutunun qonağı oldu.
Qonaqlar öncə institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia Texnologiyaları Mərkəzi və Elektron Kitabxana Mərkəzinin iş şəraiti ilə tanış oldular.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutun yaranma və inkişaf tarixi, burada həyata keçirilən innovativ layihələr, Big Data, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq münasibətləri haqqında ətraflı məlumat verdi.
Akademik R.Əliquliyev AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətindən bəhs etdi. AzScienceNet-in 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu, beləliklə də bu şəbəkənin Azərbaycan elm və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynadığını bildirdi. Alim AzScienceNet şəbəkəsi vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına, eləcə də ölkənin müxtəlif ali məktəblərinə sürətli internet və qabaqcıl şəbəkə xidmətlərinin təqdim edildiyini söylədi.
AMEA-nın vitse-prezidenti 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) keçirildiyini nəzərə çatdırdı. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən bu mötəbər tədbirin 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssisləri bir araya gətirdiyini qeyd etdi.
Alim İnformasiya Texnologiyaları İnstitutunun ölkənin müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini, həmin ali təhsil müəssisələrinə elmi-metodiki dəstək göstərildiyini bildirdi. Tədris-İnnovasiya Mərkəzində müvafiq ali məktəblərin tələbələrinə institutun mütəxəssisləri tərəfindən informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, Data Science, proqram mühəndisliyi, proqramlaşdırma dilləri, veb-texnologiyalar və s. kimi fənlərin tədrisinin həyata keçirildiyini söylədi.
Baş direktor, həmçinin son 3 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adlarının ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edildiyini diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun Brandenburq Texniki Universitetinin alimləri ilə müvafiq sahələr üzrə elmi əməkdaşlıq münasibətlərinin qurulması, qrant layihələrində birgə iştirak və yüksək səviyyəli beynəlxalq konfransların təşkilinin vacibliyini vurğuladı.
Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edərək, bu ali təhsil müəssisəsinin Brandenburq Texniki Universiteti ilə elmi əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində zəruri addımların atılmasından söz açdı. İki qurum arasında imzalanmış magistratura və doktorantura səviyyələrində ikili diplom proqramları haqqında müqavilələrin əhəmiyyətini qeyd etdi.
Professor V.Vəliyev İnformasiya Texnologiyaları İnstitutunun müasir dövrün çağırışlarını özündə ehtiva edən, əsaslı elmi tədqiqatların aparılması üçün geniş imkanlara malik olduğunu bildirdi. Bu baxımdan institutun Brandenburq Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki elmi müəssisə üçün faydalı olacağına inamını ifadə etdi.
Daha sonra Brandenburq Texniki Universitetinin prezidenti, professor Gezine Grande səmimi qəbula görə institut rəhbərliyinə minnətdarlığını bildirdi, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini nəzərə çatdırdı.
O, IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını rəhbər tutaraq, İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan, elm və təhsilin inteqrasiyasında mühüm rol oynayan İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını vurğuladı.
Görüş çərçivəsində gələcəkdə bu qurumlar arasında elmi əlaqələrin gücləndirilməsi, müvafiq istiqamətlərdə kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələlərə dair müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.