2022-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatlar davam etdirilib. Hesabat ilində institutun 2 saylı şöbəsində informasiya təhlükəsizliyi, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi, bulud sistemlərinin analizi və sintezi, kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi, süni intellektə əsaslanan texnologiyaların təhlükəsizliyi, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, kiberdayanıqlılıq, süni immun sistemlərinin problemləri, eləcə də proses analitikası ilə bağlı araşdırmalar aparılıb, mühüm nəticələr əldə olunub.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev Elmi şuranın iclasında 2 saylı şöbənin 2022-ci il üzrə hesabatını təqdim edərkən bu barədə danışıb.
R.Şıxəliyev hesabat ilində kompüter şəbəkələrinin intellektual monitorinqi, bulud texnologiyalarının informasiya təhlükəsizliyinin təmin edilməsi, kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi, şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması və aradan qaldırılması, obyekt asılılığı olan rollar əsasında internet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, proqram məhsullarının təhlükəsizliyinin təmin olunması və s. kimi aktual mövzularda aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb. Eyni zamanda tamamlanma mərhələsində olan dissertasiya işləri və məqalələr haqqında məlumat verib.
Məruzəçi cari ildə şöbə əməkdaşları tərəfindən 18 məqalənin çap olunduğunu, onlardan 14-nün “Web of Science”, “Scopus”, DBLP və РИНЦ kimi nüfuzlu beynəlxalq bazalara daxil olan jurnallarda öz əksini tapdığını qeyd edib. Eyni zamanda il ərzində 12 konfrans materialının məruzə edildiyini, onlardan 4-nün nüfuzlu beynəlxalq bazalara daxil olan konfrans materiallarında dərc edildiyini söyləyib.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Sosial media verilənlərində DDoS hücumların proqnozlaşdırılması üçün təkmilləşdirilmiş LSTM və CNN modelləri” adlı məqalənin ABŞ-ın “IGI Global” nəşriyyatı tərəfindən seçilərək “Xidmətdən İmtina Hücumları ilə Mübarizə üzrə Tədqiqatlar Antologiyası” kitabına daxil edilməsinin şöbənin mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb.
Beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi NATO təşkilatı, GEANT Assosasiyası və ULAKBİM ilə əlaqələrin bu il daha da inkişaf etdirildiyini, şöbə əməkdaşlarının sentyabr ayında keçirilmiş “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın (EaPEC 2022) təşkilinə dəstək göstərdiklərini deyib.
Sonra R.Şıxəliyev şöbənin əməkdaşlarının elmi-pedaqoji, elmi-innovasiya, elmi-mentorluq və elmi-təşkilati fəaliyyəti, o cümlədən müxtəlif kütləvi informasiya vasitələrində çıxışları ilə bağlı məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.
İnstitutun baş direktoru, 2 saylı şöbənin müdiri, akademik Rasim Əliquliyev şöbədə aparılan tədqiqatların dünya elminin tələblərinə və müasir çağırışlara cavab verdiyini qeyd edərək, bu araşdırmaların davam etdirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirib. Akademik şöbənin kadr potensialının gücləndirilməsi, əldə olunmuş mühüm elmi nəticələrin KİV-də geniş təbliği və qrant layihələrdə fəal iştirakın zəruriliyini vurğulayıb.
Elmi şura şöbənin fəaliyyətini yüksək qiymətləndirərək hesabatı qəbul edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.