Kritik sistemlərin kiberdayanıqlılığının təmin edilməsində rəqəmsal əkiz texnologiyasının tətbiqi ilə bağlı tədqiqatlar aparılır

01 Dekabr 2022 - 17:02 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminarında institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Kritik sistemlərin kiberdayanıqlılığının təmin edilməsində rəqəmsal əkiz texnologiyasının rolu” mövzusunda məruzə ilə çıxış edib.

Mövzunun aktuallığından bəhs edən tədqiqatçı qeyd edib ki, hazırda avtomatlaşdırma və rəqəmsallaşma səviyyəsinin artması kritik sistemləri geniş spektrli təhlükələrə qarşı həssas edir. Kritik sistemlər çox zaman idarə olunan qəzalar, dayanmalar və nasazlıqlar yaradan kiberhücumlara məruz qalır. Əksər hallarda mövcud kibertəhlükəsizlik tədbirləri vasitəsilə bu kimi hücumların qarşısını almaq mümkün olmur. Bu səbəbdən də kritik sistemlərin kiberdayanıqlılığının təmin edilməsi böyük əhəmiyyət kəsb edir və bunun üçün rəqəmsal əkiz texnologiyasından istifadə edilə bilər.

Onun sözlərinə görə, rəqəmsal əkiz texnologiyası “ağıllı” sensor, verilənlərin analizi, süni intellekt və s. kimi müasir texnologiyalara əsaslandığı üçün kibertəhlükəsizliyin gücləndirilməsi sahəsində yeni imkanlar yaradır. Xüsusilə də kiberhücumların baş vermə ehtimalını və təsirini azaltmaq üçün məqsədyönlü tədbirlər görməyə və eyni zamanda kibercinayətkarlığın qarşısını almağa imkan verir. Ən əsası isə rəqəmsal əkiz texnologiyasından kibertəhlükəsizlik həllərinin effektivliyini artırmaqla, müvafiq sahədəki boşluqların aradan qaldırılması üçün istifadə məqsədəuyğundur.

R.Şıxəliyev rəqəmsal əkizlər vasitəsilə kritik sistemlərin kibertəhlükəsizlik problemlərinin həllindən danışıb: “Rəqəmsal əkiz texnologiyası kritik sistemlərin işinə mane olmadan birbaşa təhlükəsizliyin analizi və monitorinqi üçün istifadə edilir. Rəqəmsal əkizlər real kibertəhlükələri imitasiya etməyə, hakerlərin hücumlarını və dəyəcək ziyanı dəqiq proqnozlaşdırmağa, eləcə də kiberhücumlara müvafiq cavablar verilməsi məqsədilə qərar ağaclarının qurulması üçün müxtəlif ssenariləri, cavabları və prosesləri təhlükəsiz olaraq sınaqdan keçirməyə imkan verir”.

Məruzəçi rəqəmsal əkiz texnologiyasının tətbiqi ilə bağlı kibertəhlükəsizlik risklərinin yarana biləcəyini də diqqətə çatdırıb. Qeyd edib ki, bu risklər həm rəqəmsal əkiz yaradıcıları, həm də istifadəçiləri tərəfindən müəyyən edilməli və qiymətləndirilməlidir. Layihələndirmə prosesində rəqəmsal əkizlər və kritik sistemlər arasında boşluqların yaranması qaçılmazdır. Bu boşluqlar müəyyən edilməli və təhlükəsizlik strategiyasına daxil edilməlidir. Həmçinin, rəqəmsal əkizlərin kritik sistemləri dəqiq təsvir etməsi ciddi təhlükəsizlik problemləri yaradır. Əgər kritik sistemin rəqəmsal əkizi haker tərəfindən ələ keçirilərsə, o, sistemin komponentlərini, davranışlarını və interfeyslərini müəyyən edə və nəticədə hücum nöqtələrini müəyyənləşdirərək kritik sistemə müdaxilə edə bilər.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev kritik sistemlərin kiberdayanıqlılığının təmin edilməsində rəqəmsal əkiz texnologiyasının tətbiqi ilə bağlı tədqiqatlara geniş yer ayrılmasının zəruriliyinə toxunub, bu problemin texnoloji tərəfləri ilə yanaşı, fəlsəfi, sosial, bioloji və digər aspektlərinin də tədqiq olunmasının əhəmiyyətli məsələlərdən olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.