İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarında “Dil biliklərinin əcnəbilərə tədrisi və qiymətləndirilməsi məsələləri ilə bağlı beynəlxalq təcrübələrin müqayisəli analizi” mövzusunda məruzə dinlənilib.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Lalə Əliyeva öncə dil biliklərinin tədrisi və qiymətləndirilməsində beynəlxalq standartların tətbiqindən bəhs edib. O, CEFR (Dillər üzrə Ümumavropa İstinad Cədvəli) beynəlxalq standartı haqqında məlumat verərək bildirib ki, CEFR - öyrənənlərin dörd dil bacarığı - danışıq, dinləmə, oxuma və yazma ilə nələr edə biləcəyini qiymətləndirən təlimatdır. Bu bacarıqlar hər səviyyə üçün ayrı-ayrılıqda tətbiq olunur.
Məruzəçi CEFR haqqında ətraflı məlumat verərək onun əsas məqsədlərinə fərdi öyrənənlərin dil biliklərinin inkişafına və nümayişinə dəstəyin, öyrənənlərin yaşına, maraqlarına və ehtiyaclarına uyğunlaşdırılmış dərsliklərin və tədris materiallarının hazırlanmasının, öyrənmə, tədris və qiymətləndirmədə keyfiyyəti və müvəffəqiyyəti artırmağın, testlərdə şəffaflığın və sertifikatların müqayisə olunmasını asanlaşdırmağın aid olduğunu diqqətə çatdırıb.
İngilis dili biliklərini qiymətləndirmə proqramlarının CEFR standartına uyğunlaşdırılmasından söz açan L.Əliyeva söyləyib ki, bu prosesdə CEFR deskriptorları ilə oxşar olan qlobal ingilis dilini qiymətləndirmə proqramları mövcuddur. Bunlara CAE, IELTS, TOEFL və s. nümunə göstərmək olar. Bu proqramların CEFR ilə oxşar və fərqli xüsusiyyətlərindən ətraflı bəhs olunub.
Tədqiqatçı CEFR beynəlxalq standartının Azərbaycanda tətbiqindən də danışıb: “Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə imzalanan əməkdaşlıq sazişinə əsasən CEFR rəsmi sənədinin Azərbaycan dilinə tərcümə olunması prosesi yekunlaşıb. Layihənin əsas məqsədi ölkədə xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi istiqamətində görülən işlərə dəstək göstərməkdir”.
L.Əliyeva bildirib ki, artıq dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ana dilləri üzrə əcnəbilər üçün imtahan test sistemləri (IELTS (ingilis), TOEFL (ingilis), TYS (türk), TCF (fransız), DELE (ispan), TestDaF (alman), JLPT (yapon), ТРКИ (rus)) tətbiq olunur.
Sonda o, dil biliklərinin tədrisi və qiymətləndirilməsində İKT-nin üstünlükləri məsələsinə toxunub. Vurğulayıb ki, yeni bir dilin öyrənilməsində İKT-dən istifadə bu prosesi daha dinamik və çevik edir, tədrisin intensivləşməsinə və fərdiləşdirilməsinə gətirib çıxarır, kommunikasiya üçün daha çox imkan yaradır, o cümlədən mövzuya marağı artırır.
Sonra məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb. Tədris İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova mövzuya münasibətini bildirərək dil biliklərinin əcnəbilərə tədrisi məsələsinin müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib, bu istiqamətdə tədqiqatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.