Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransın (COIA-2022) ikinci günü bölmə iclasları ilə davam etdirilir.
Konfransın Bakı Dövlət Universitetində keçirilən “İntellektual və qeyri-səlis sistemlər” adlı bölməsində AMEA İnformasiya Texnologiyaları İnstitutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova “Hepotesellular korsinomanın (HSK) mərhələlərinin təyini intellektual sistemində biliklərin transformasiyası” mövzusunda məruzə ilə çıxış edib.
HSK-nın mərhələlərinin təyin edilməsi məsələsinin aktuallığından bəhs edən məruzəçi bildirib ki, həkim qərarlarının qəbulunun dəstəklənməsi sistemlərinin yaradılmasında ənənəvi metodologiyanın formalaşmasına baxmayaraq, hələ də həkim-ekspert biliklərinin süni intellektə transformasiyası, yaradılan sistemlərin sınaqdan keçirilərək əhəmiyyətinin əsaslandırılması, gündəlik stolüstu vasitəyə çevrilməsi istiqamətində problemlər qalmaqdadır.
O, diqqətə çatdırıb ki, HSK-nın mərhələlərinin təyini törəmənin yayılma dərəcəsi, limfa düyünlərinin vəziyyəti, qaraciyərin funksional vəziyyəti, orqanizmin ümumi halı və s. kimi önəmli meyarlarla təyin edilir: “HSK-nın mərhələlərinin təyini üçün 5 müayinə veriləninə istinad edilir: törəmənin sayı, törəmənin ölçüsü, damar invaziyası, limfa düyünü, uzaq metastazın olması. Hər bir müayinə veriləni isə müxtəlif kliniki əlamətlərlə təyin edilir”.
Z.Cəbrayılova HSK-nın mərhələlərinin təyininin iyerarxik strukturu, IB və IIIB mərhələlərinin təyini sxemi, HSK-nın mərhələlərinin təyini üçün qeyri-səlis qaydalara əsaslanan sistemin strukturu, HSK-nın mərhələlərinin təyini üçün cari müayinə verilənlərinin sistemə daxil edilməsi və qərarın istifadəçi pəncərisinə çıxarılması haqqında ətraflı məlumat verib.
Sonda məruzəçi HSK-nın mərhələlərinin təyini üçün cari müayinə verilənlərinin sistemə daxil edilməsi və qərarın istifadəçi pəncərəsinə çıxarılmasından söhbət açıb. Diqqətə çatdırıb ki, sistemin müvafiq sahə mütəxəssisləri, həkimlər tərəfindən stolüstü alət kimi istismarı HSK-nın mərhələlərinin təyini zamanı həkim səhvlərinin aradan qaldırılmasına, bu prosesə vaxt sərfiyyatının azaldılmasına imkan yaradır.
Alim bu kimi sistemlərin istifadəsinin teletibbin inkişafı istiqamətində də uğurlu tətbiqlərdən, insan həyatı üçün təhlükəli mühitlərdə həkim-mütəxəssislərin biliklərindən yararlanmağa imkan verdiyini söyləyib. Digər xəstəliklərin diaqnostikası üçün analoji sistemlərin işlənilməsi, ölkəmizdə e-tibbin inkişafı istiqamətində tədqiqatların gücləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.