İnstitutun baş mühəndisi beynəlxalq tədbirdə iştirak edib

13 İyul 2022 - 15:43 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM (Совещания по взаимодействию и мерам доверия в Азии – СВМДА) Katibliyinin birgə təşkilatçılığı ilə “İnformasiya-kommunikasiya texnologiyaları sferasında yeni reallıq: tendensiyalar və perspektivlər” mövzusunda onlayn rejimdə keçirilən dəyirmi masada iştirak edib.

Plenar və iki tematik sessiya formatında baş tutan tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində təcrübə və fikir mübadiləsinin aparılmasıdır.

“İnformasiya texnologiyalarının inkişafı üzrə AQEM-in iştirakçı-dövlətlərinin təcrübəsi” adlı tematik sessiyada İT sənayesinin inkişafında milli təcrübə, İT sferasında yeni qlobal trendlər və onların AQEM məkanında həyata keçirilməsi, AQEM-in iştirakçı-dövlətlərinin rəqəmsallaşdırma sahəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub. “Qlobal turbulentlik şəraitində İT sənayesinin inkişaf perspektivləri” sessiyasında isə informasiya məkanının rəqəmsallaşdırılmasının mümkün risk və təhdidləri, müasir çağırışların və təhdidlərin İKT-nin inkişafına təsiri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə institutun baş mühəndisi Şakir Mehdiyev “Elm 4.0: informasiya məkanının elmi fəaliyyətə tranformasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, sənaye inqilabları, elm və sosial ehtiyacların qarşılıqlı təsiri, sənaye inqilabları kontekstində elmin inkişafı, elmi mühitin rəqəmsal transformasiyası və Elm 4.0-ın formalaşması haqqında danışıb.

“Sənaye 4.0 konsepsiyasında öz əksini tapan sənaye istehsalında informasiya texnologiyalarının geniş tətbiqi insan fəaliyyətinin bütün sahələrinə (iqtisadiyyat, dövlət idarəçiliyi, sosial sfera və s.) həlledici təsir göstərir. O, eyni zamanda, elmi sferada həm tədqiqat proseslərinə, həm də tədqiqat nəticələrinin innovasiya formasında istifadəsinə birbaşa təsir edir”, – deyə Ş.Mehdiyev bildirib.

Məruzəçi qeyd edib ki, Elm 4.0 süni intellekt, kiber-fiziki sistemlər, Əşyaların İnterneti, bulud hesablamaları, Big Data analitikası və Dördüncü Sənaye İnqilabının digər intellektual texnologiyalarından geniş istifadəni nəzərdə tutur. Elm 4.0 konsepsiyası elmi tədqiqatların səmərəliliyi və etibarlılığını artırmaq məqsədi daşıyır. Ənənəvi tədqiqat mühiti və informasiya məkanının formatlaşdırılması elmin inkişafı üçün yeni perspektivlər açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.