Sənaye 4.0 həlləri vasitəsilə vətəndaş elmində verilənlərin keyfiyyət göstəriciləri araşdırılır

10 İyun 2022 - 10:19 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin “Sənaye 4.0 həlləri vasitəsilə vətəndaş elmində verilənlərin keyfiyyətinin araşdırılması” mövzusuna həsr olunmuş növbəti onlayn seminarı keçirilib.

Şöbənin əməkdaşı Nərgiz Verdiyeva məruzəni təqdim edərək Sənaye 4.0 alətlərindən istifadənin vətəndaş elmi layihələri zamanı toplanılan verilənlərin keyfiyyət problemini həll etmək üçün əlverişli bir vasitə olduğunu qeyd edib. O, verilənlərin keyfiyyətinin verilənlər toplusunun qarşıya qoyulmuş məqsədə uyğunluq dərəcəsini göstərən bir metrika olduğunu diqqətə çatdırıb.

“Vətəndaş elmində verilənlər istifadə edilməzdən əvvəl verifikasiya və validasiya proseslərindən keçməlidir”, - deyən N.Verdiyeva verilənlərin verifikasiyası üçün kollegial verifikasiya, ekspert verifikasiyası, keyfiyyətin avtomatik və modellər əsasında qiymətləndirilməsi yanaşmalarından istifadə olunduğunu bildirib.

Məruzəçinin sözlərinə görə, keyfiyyətin avtomatik qiymətləndirilməsi vətəndaş elmi layihəsi çərçivəsində əldə olunan verilənlərin keyfiyyətinin qiymətləndirilməsi üçün proqram təminatından istifadəni nəzərdə tutur: “Keyfiyyətin modellər əsasında qiymətləndirilməsi isə təsadüfi dəyişiklikləri qeydə ala bilən avtomatik filtrasiya metodlarının hüdudlarından kənara çıxır. Bu metod baxılan prosesin zaman və məkan hüdudlarında necə dəyişəcəyini göstərən modeldən istifadə edərək yerdə qalan səhvləri aradan qaldırır”.

O, verilənlərin keyfiyyətinin avtomatik yoxlanması alətlərinin qabaqcıl alqoritmlərin tətbiqinə əsaslandığını və istifadəçi üçün əlverişli olan bu alətlərin özünəxidmət üçün nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Sonra N.Verdiyeva qaydalara və təkliflərə əsaslanan sınaq alətləri, verilənlərin avtomatik daxil edilməsi, təkrar verilənlərin müəyyən edilməsi, anomaliyaların aşkarlanması, verilənlərdəki boşluqların doldurulması, uyğunlaşdırılması və təsdiqlənməsi, eləcə də digər məsələlər haqqında məlumat verib.

Məruzəçi qeyd edib ki, keyfiyyət qiymətləndirilməsi müasir dövrdə avtomatlaşdırılmış alətlər vasitəsilə həyata keçirildiyindən, burada insan səhvi faktoru baş vermir və bu, verilənlərin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır.

N.Verdiyeva əlavə edib ki, süni intellekt və maşın təlimi sahəsində əldə olunmuş nailiyyətlərdən istifadə etməklə verilənlərin keyfiyyətini daha da  yaxşılaşdırmaq mümkündür. Onun sözlərinə görə, vətəndaş elmi layihələrinin gedişində bəzi hallarda dəqiq olmayan, boşluqları olan, təkrar olunan və s. problemli verilənlərin olduğunu nəzərə alaraq, avtomatlaşdırılmış vasitələrin tətbiqi layihələrin müvəffəqiyyətini artırır və mühüm nəticələrin əldə olunmasını təmin edir.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məruzəyə dair fikirlərini bildirib, sənaye 4.0 həlləri vasitəsilə vətəndaş elmində verilənlərin keyfiyyətinin araşdırılması istiqamətində aparılan tədqiqatların daha da dərinləşdirilməsini, beynəlxalq təcrübənin araşdırılmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.