“Kibercinayətlərin aşkarlanması üçün loq-faylların intellektual analizi metodlarının tədqiqi” mövzusunda magistrlik dissertasiyası müzakirə olunub

02 İyun 2022 - 11:24 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Kibercinayətlərin aşkarlanması üçün loq-faylların intellektual analizi metodlarının tədqiqi” mövzusunda magistrlik dissertasiyasının müzakirəsinə həsr olunduğunu söyləyib.

Dissertasiya işini təqdim edən institutun magistrantı Fuad Əhmədov onun giriş, 3 fəsil, nəticə, 62 adda ədəbiyyat siyahısı, 3 cədvəl və 16 şəkil olmaqla 68 səhifədən ibarət olduğunu söyləyib.

Sonra o, mövzunun aktuallığı, dissertasiya işinin məqsədi və qarşıya qoyulmuş məsələlər, tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyətindən söz açıb. Bildirib ki, informasiya texnologiyalarının həyatımızın bütün sahələrinə inikası, IV Sənaye İnqilabının gətirdiyi texnoloji yeniliklər və s. bu mövzunun aktuallığını  şərtləndirən amillərdir.

İddiaçının sözlərinə görə, tədqiqat işinin əsas məqsədlərinə kiberinsidentlərin aşkarlanması, bədniyyətlilərin müəyyən olunması, mütəşəkkil həll yolunun tətbiq olunması, operativliyin yüksəldilməsi, insan faktorunun minimallaşdırılması və uyğun reaksiyanın vaxtında verilməsi və s. daxildir.

F.Əhmədov tədqiqat obyekti kimi loq-fayllardan, klasterizasiya və klassifikasiya alqoritmlərindən istifadə edildiyini, loq-faylların intellektual analizinin realizasiya olunduğunu diqqətə çatdırıb.

Tədqiqatçının sözlərinə görə, son illərdə daha intensiv formada reallaşdırılmaqda olan İKT-nin böyük miqyasda tətbiqi, loq-faylların intellektual analizi üçün daha yaxşı nəticə göstərən klasterləşmə və klassifikasiya alqoritmlərinin müəyyən edilməsi, kibercinayətlərin aşkarlanması üzrə qabaqcıl sistem və vasitələrin tədqiq edilməsi, baş vermiş müxtəlif tip kiberinsidentlərin qarşısının alınması üçün uyğun sistem və vasitələrin müəyyən olunması tədqiqatın praktik əhəmiyyəti və elmi yenilikləridir.

Dissertasiya işinin əsas nəticələrini diqqətə çatdıran məruzəçi kibercinayətlərin aşkarlanması üzrə mövcud sistem və vasitələrin tədqiq olunduğunu, kibercinayətlərin aşkarlanması üçün loq-fayl tiplərinin araşdırıldığını, loq-faylların intellektual analizi metodlarının tədqiq edilərək müqayisəli təhlilinin aparıldığını söyləyib. Həmçinin dissertasiya işi çərçivəsində çap olunmuş elmi əsərlərin siyahısını təqdim edib.

Tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonra dissertasiya işi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, baş mühəndis Şakir Mehdiyev və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edərək dissertasiya işi ilə bağlı irad və tövsiyələrini səsləndiriblər.

Daha sonra dissertasiya işi üzrə elmi rəhbər, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev çıxış edib. O bildirib ki, hazırda internetə çıxışı olan cihaz və avadanlıqlarda kiberinsidentlərin populyarlaşması, törədilən kibercinayətlərin və onların həll üsullarının müxtəlifliyi, xüsusi yanaşmanın tətbiq olunmasına məcburiyyət və s. mövzunun son dərəcə aktual olduğunu sübut edir.

B.Nəbiyev müzakirə olunan tədqiqat işinin magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll edildiyini nəzərə çatdırıb.

Seminarda, həmçinin dissertasiya işinə dair opponent və rəyçilərin təyin edilməsi məsələsi də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 

Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla magistrlik dissertasiyasının növbəti mərhələyə buraxılması qərar alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.