AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “Əl ilə göstərilən jestlərin tanınması mərhələləri və üsullarının müqayisəli analizi” mövzusuna həsr olunmuş növbəti onlayn elmi seminarı keçirilib.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova bildirib ki, müasir zamanda hesablama cihazları və informasiya-kommunikasiya texnologiyaları dinamik inkişaf edir, onun tətbiqi imkanları genişlənir və cəmiyyətin bütün sahələrinə öz töhfəsini verir. Cəmiyyətdə qloballaşma və modernləşmə prosesləri bir-biri ilə əlaqəli olub, biri digərini şərtləndirir. Son illərdə dünyada müxtəlif sahələrdə mühüm dəyişikliklər baş vermişdir ki, bunlara ilk növbədə, informasiya istehlakı proseslərini aid etmək olar.
Tədqiqatçı ünsiyyət probleminin nitq və eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə uyğunlaşmasına mane olduğunu, onların məlumat alması və ya digər insanlarla düşüncələrini bölüşməsində çətinliklər yaratdığını söyləyib. Bunun isə həmin şəxslərin psixi sağlamlığına, yeni dostlar qazanmasına, ailə qurmasına, hətta yaxınları ilə münasibətlərinə mənfi təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, elmi-texniki inqilab ictimai həyatın bütün sferaları ilə yanaşı, kommunikasiya sahəsinə də nüfuz etmiş, onun inkişafına müsbət təsir göstərmişdir. Eyni zamanda, insanın hərəkətləri, jestləri və mimikasının tanınması problemlərinin elmi tədqiqatçılar tərəfindən araşdırılması aktuallaşmışdır. Belə ki, jestlər eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsidir.
K.Qurbanova jestlərlə ünsiyyətin asanlaşması məqsədilə jestlərin avtomatik tanınmasının həm elmi, həm də praktiki baxımdan aktual məsələ olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, jest dilinin və daktil əlifbanın elementlərinin avtomatik tanınması eşitmə və nitq məhdudiyyətli insanların təhsil almasını, hər hansı bir peşəyə yiyələnməsini, cəmiyyətə inteqrasiyasını asanlaşdırır və onların həyat tərzinin yaxşılaşmasına imkan verir.
Jestlərin avtomatik tanınması mərhələlərindən söz açan məruzəçi bildirib ki, jestlərin avtomatik tanınması dedikdə, onları tanıyaraq mətnə, səsə və ya əksinə çevirən aparat və proqram təminatı nəzərdə tutulur. Real vaxt rejimində əl ilə göstərilən jestlərin tanınması prosesi 4 mərhələdə (informasiyanın xüsusi texnologiyalarla toplanması, jestin identifikasiyası, xüsusiyyətlərin aşkar edilməsi və nəticə) ardıcıllıqla icra olunur.
Jestləri qeyd edən texnologiyaların müqayisəli təhlilinin əks olunduğu cədvəli təqdim edən K.Qurbanova jestin tanınması metodları (Gizli Markov modeli, Süni neyron şəbəkə metodu, Viola-Cons alqoritmi, Təsadüfi meşə metodu, Yaxın qonşular – K metodu və s.) haqqında ətraflı məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb, onların üstünlükləri və çatışmazlıqlarından bəhs edib.
“Nəticələri müqayisə etmək məqsədilə seqmentasiya metodundan, Viola-Cons alqoritmindən həm ayrı-ayrılıqda, həm də hibrid metoddan istifadə edərək əli lokallaşdırmağa imkan verən proqram məhsulu hazırlanıb. Eksperiment nəticəsində məlum olub ki, hibrid metoddan istifadə real vaxt rejimində 93,5 faiz dəqiqliklə video ardıcıllıqla jesti lokallaşdırmağa imkan verir. Mövcud metod və alqoritmlərin təhlili real vaxt rejimində əl jestlərinin tanınması üçün hibrid metodun qurulmasının zəruriliyini göstərir”, – deyə tədqiqatçı əlavə edib.
Mövzu ətrafında geniş müzakirə aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova mövzuya dair fikirlərini bölüşüb, əl ilə göstərilən jestlərin tanınması problemləri istiqamətində aparılan araşdırmaların daha da dərinləşdirilməsi ilə bağlı tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.