Dünyada əhalinin yaşlanmasının 21-ci əsrin müəyyənedici demoqrafik tendensiyası olacağı, 2050-ci ilə qədər bütün dünyada yaşlı insanların sayı iki dəfədən çox artaraq 2,1 milyarda çatacağı gözlənilir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova institutun elmi seminarının 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş onlayn iclasında “Yaşlı insanlar üçün rəqəmsal texnologiyalardan istifadənin üstünlükləri və riskləri” mövzusunda çıxış edərkən səsləndirib.
Bütün dünyada əhalinin qocalması prosesinin sürətləndiyini deyən məruzəçi bildirib ki, bu demoqrafik dəyişikliklərin həyatın bütün sahələrinə öz təsirini göstərəcəyi gözlənilir. Onun sözlərinə görə, 2030-cu ildə yaşı 60-dan yuxarı olan əhali sayının, 2019-cu ilə nisbətən 34% artaraq 1 milyarddan 1,4 milyarda çatacağı, 2050-ci ildə isə bu rəqəmin 2 dəfə artaraq 2,1 milyarda çatacağı proqnozlaşdırılır.
“Cəmiyyəti yeni reallıqlara uyğunlaşdırmaq, insanlara qocalığını sağlam və firavan keçirməkdə kömək etmək üçün Birləşmiş Millətlər Təşkilatı 2021-2030-cu illəri sağlam qocalma onilliyi elan edib”, - deyən R.Mahmudova bu onillik çərçivəsində yaşlı insanların, onların ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra tədbirlərin işlənib hazırlandığını diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları sağlam yaşlanmanın təmin edilməsində, yaşlı insanların sosiallaşmasında, iş yerlərində yaşa görə ayrı-seçkiliklə mübarizədə və s. mühüm rol oynaya bilər: “Lakin yaşlı insanlarda rəqəmsal bacarıqların olmaması onların cəmiyyətdən təcrid olunmasına, informasiya və elektron xidmətlərə çıxışın olmaması, müstəqilliyinin itirilməsi və başqalarından asılılığına gətirib çıxara bilər”.
Əhalinin yaşlanmasının daha sürətlə baş verdiyi inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa ölkələrində yaşlı əhalinin rəqəmsal bacarıqlarının artırılması üçün çoxlu sayda layihələrin həyata keçirildiyini qeyd edən R.Mahmudova Avropa İttifaqının “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən strateji tərəfdaşlıq layihəsi olan “ICT 4 the Elderly” layihəsindən danışıb. Bu layihənin şəbəkədə sosial qarşılıqlı əlaqə vasitəsilə internetin insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasındakı rolunu öyrənməyi hədəflədiyini bildirib. Eyni zamanda Avropanın müxtəlif ölkələrində həyata keçirilmiş “ICTskillsforAll”, “Digital SkillShift”, “Open AE” və digər layihələr, onların nəticələri barədə ətraflı məlumat verib.
Məruzəçi cəmiyyətdə, təhsil və əmək sferasında rəqəmsal bacarıqların yüksəldilməsi ilə məşğul olan, bütün dünyada tanınan beynəlxalq “ICDL Europe” təşkilatı tərəfindən keçirilən sertifikasiya proqramlarından söz açıb, o cümlədən “Digital citizen” proqramı vasitəsilə yaşlıların da rəqəmsal bacarıqlarının sertifikasiyanın həyata keçirildiyini diqqətə çatdırıb.
R.Mahmudova rəqəmsal texnologiyalardan istifadə üçün yaşlılara dəstək məqsədi ilə həyata keçirilən işlərdən bəhs edib. Bir sıra ölkələrin, o cümlədən Rusiyanın təcrübəsindən danışaraq bu istiqamətdə yeni tətbiq olunan peşə sahələrindən olan rəqəmsal kuratorun vətəndaşların kompüter savadlılığı, informasiya təhlükəsizliyi və media resurslarından istifadə sahəsində nəzəri və praktiki biliklərini genişləndirməyə dəstək verdiyini vurğulayıb.
R.Mahmudova rəqəmsal texnologiyalardan istifadənin müsbət təsirləri və rəqəmsallaşdırmanın yaşlılar üçün riskləri barədə məlumat verərək müasir dövrdə yaşlı insanların hazırkı nəslinin qlobal rəqəmsal inqilabdan kənarda qalmaq riski ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, səhiyyədə rəqəmsal texnologiyalar yaşlı insanların ehtiyaclarını nəzərə almaqla tətbiq olunmalı, eyni zamanda onların konfidensiallığı və onlara qarşı ləyaqətli rəftar təmin edilməli, rəqəmsal texnologiyaların əhalinin bütün qrupları üçün əlçatan olmasına yönəlmiş siyasi təşəbbüslər ən həssas qrupa aid olan istifadəçilər üçün fərdi dəstəyi özündə ehtiva etməlidir.
Dünyanın bir çox ölkələrində rəqəmsal texnologiyalardan istifadə üçün yaşlılara dəstək məqsədilə tədbirlərin görüldüyünü deyən məruzəçi yaşlıların rahat kommunikasiya ilə təmin olunması və sağlamlığına nəzarət üçün tətbiq olunan proqramlar, eləcə də köməkçi proqramların imkanlarını təqdim edib. Eyni zamanda yaşlılara aktiv həyat tərzi keçirməyə, əlaqə quraraq lazım olan anda təcili yardım almağa və digər xidmətlər əldə etməyə dəstək ola biləcək “ağıllı” qurğular, o cümlədən tibbi xəbərdarlıq sistemləri, intellektual EKQ monitor və onların imkanları barədə məlumat verib.
O həmçinin bu istiqamətdə ölkəmizdə görülən işlərdən bəhs edərək yaşlı vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, dövlət və digər xidmətlərə əlçatanlığı artırmaq məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaşlılar üçün rəqəmsal texnologiyalardan istifadəyə dair rəqəmsal bilik və bacarıqların artırılması üzrə fəaliyyətlərə başlanıldığını vurğulayıb. Əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində icra olunan fəaliyyətlər pensiya yaşına çatmış şəxslərin yeni texnologiyalardan istifadə və elektron xidmətlərə dair maarifləndirilməsini ehtiva edir.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək yaşlı insanlara qayğının istənilən cəmiyyətin qarşısında duran əsas sosial problemlərdən olduğunu bildirib, bu kateqoriyadan olan insanlara dövlət qayğısının ildən-ilə artırılmasının ölkəmizin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib.
Yaş ötdükcə insanların defunksionallaşmasının qarşısını almaq üçün İKT-dən geniş istifadə olunduğunu deyən R.Əliquliyev bu texnologiyaların həmçinin yaşlı insanların sosiallaşmasının təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması üçün tətbiq edildiyini vurğulayıb.
İnstitutun baş direktoru Azərbaycanda müvafiq istiqamətdə görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. Akademik ölkəmizdə yaşlı insanların həyatının daha da asanlaşdırılması, onların məşğulluğunun təmin olunması məqsədilə İKT texnologiyalarının tətbiqinə geniş yer ayrıldığını da diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.