Cari ilin sentyabr ayında Bakıda keçiriləcək “EaPEC 2022” (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransına hazırlıqla əlaqədar Bakı şəhərində rəsmi səfərdə olan konfransın Təşkilat Komitəsinin üzvləri – GEANT Assosiasiyasının nümayəndə heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və AMEA Fizika İnstitutunun “Milli GRID” İnformasiya və Hesablama Mərkəzinin qonağı olublar.
Nümayəndə heyətinə GEANT-ın EuforDigital (EapConnect2) layihəsinin meneceri Irina Matthews, kommunikasiya üzrə meneceri Rosanna Norman, GEANT-ın tədbirlərin təşkilatçısı Steffie Bosman, LİTNET-in kommunikasiya üzrə meneceri Neringa Jackevise, LİTNET-in şəbəkə meneceri Ieva Muraskiene, Türkiyənin ULAKBIM akademik şəbəkəsinin nümayəndəsi Ebru Soyuyüce Aydın daxil idi.
Qonaqlarla əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görüş keçirilib. Görüşdə Akademiyanın prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Beynəlxalq əlaqələr üzrə koordinator Nurlan Əhmədov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və digər aidiyyəti şəxslər iştirak ediblər.
Görüşdə çıxış edən professor Yeganə Axundova Akademiyanın rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını qonaqlara çatdırıb. Y.Axundova Akademiyada AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dəstəyilə 2018-ci ildən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin tətbiqi işlərinə başlanıldığını xatırladaraq son illər ərzində bu sistemdən istifadə etməklə keçirilən mötəbər tədbirlərdən söz açıb. Prorektor, həmçinin bu xidmətin yaxın zamanda Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında istifadəyə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Sonra “EaPEC 2022” beynəlxalq konfransının təşkilinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi, e-elm və e-infrastruktur məsələlərinin müzakirəsini hədəfləyən konfransda LOLA yayım sisteminin tətbiqi üçün bütün zəruri texniki tələblər müəyyən edilib.
Daha sonra AMEA-nın nəzdində RSXM-də keçirilən görüşdə Mərkəzin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov çıxış edərək zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatlardan biri – Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən yerli, yaxın və uzaq zəlzələlər, eləcə də vulkanlar, sürüşmələr və partlayışların emal olunduğunu bildirib. Qeyd edib ki, bu, real zamanda böyük hesablama resursları və yüksəksürətli İnternet tələb etdiyindən RSXM-in zəruri texnologiyalarla təmin edilməsində GEANT-ın dəstəyindən istifadə edilir. Qeyd olunub ki, Mərkəzin şəbəkə infrastrukturunun AMEA-nın AzScienceNet şəbəkəsinin Data Mərkəzinə qoşulması İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təmin edilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun rəhbəri Səidə İsmayılova geniş təqdimatla çıxış edərək Mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar, seysmik şəbəkənin strukturu barədə məlumat verib. O, Mərkəzdə tətbiq olunan “Antelope” real zaman rejimində fəaliyyət göstərən sistem, stansiyalar üçün tələb olunan avadanlıqlar, telemetrik seysmik stansiyalar barədə danışıb, eləcə də Azərbaycanın seysmik aktivlik xəritəsini nümayiş etdirib.
GEANT-ın nümayəndə heyəti Mərkəzdə görülən işləri yüksək qiymətləndirib, Azərbaycan seysmoloqlarının zəlzələlərin öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticəsinin kifayət qədər maraqlı olduğunu bildiriblər. Əcnəbi mütəxəssislər bu istiqamətdə ikitərəfli əməkdaşlığın əhəmiyyətini önə çəkərək təmsil etdikləri təşkilatın bundan sonra da Mərkəzə zəruri dəstəyin təmin olunmasını həyata keçirəcəklərini bildiriblər.
Sonra qonaqlar AMEA Fizika İnstitutunun “Milli GRID” İnformasiya və Hesablama Mərkəzində olublar. GEANT şəbəkəsinə inteqrasiya olunmuş Data Mərkəzin fəaliyyəti haqqında qonaqlara məlumat verən baş administrator Ceyhun Quliyev Mərkəzin 2004-cü ildə yaradıldığını qeyd edib, burada görülən işlərin AMEA-nın Fizika və İnformasiya Texnologiyaları institutlarının dəstəyi ilə həyata keçirildiyini deyib.
O, hazırda Mərkəzin təkmilləşdirilməsi ilə bağlı işlərin davam etdirildiyini deyib. Bildirib ki, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, elmtutumlu mürəkkəb məsələlərin həllinə və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə birgə layihələrin həyata keçirilməsinə xidmət edən “Milli GRID” İnformasiya və Hesablama Mərkəzində böyük hesablama resurları tələb edən mürəkkəb məsələlərin emalı və CERN-ə göndərilməsi yüksəksürətli İnternet tələb edir. C.Quliyev bu istiqamətdə GEANT-ın təqdim etdiyi imkanlardan istifadə etdiklərini diqqətə çatdırıb.
Daha sonra GEANT Asossiasiyasından olan nümayəndə heyətini AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev qəbul edib.
Görüşdə Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb.
“EaPEC 2022” konfransının Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməyə böyük töhfə verəcəyinə əminliyini ifadə edən akademik R.Əliquliyev tədbirin beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirmək baxımından da geniş imkanlar yaradacağını diqqətə çatdırıb.
O, rəhbərlik etdiyi institutun Avropanın müvafiq elmi qurumları ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu qeyd edib, gələcəkdə GEANT-la birgə yeni layihələrin icra olunmasına ümidvar olduğunu deyib.
Qonaqlar səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə görə akademik R.Əliquliyevə dərin təşəkkürlərini bildiriblər.
Sonda qonaqlara Azərbaycanı təcəssüm etdirən hədiyyələr təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.