İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyasının nümayəndələri ilə görüş keçirildi

11 May 2022 - 17:00 | Görüşlər

Xəbər verdiyimiz kimi, cari ilin sentyabr ayında Bakıda “EaPEC 2022” (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək. Konfransın təşkilində əsas məqsəd EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunmasıdır. Bununla əlaqədar olaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Asossiasiyasından olan nümayəndə heyəti ilə bir neçə dəfə görüş keçirilmiş, Təşkilat Komitəsinin üzvləri ilə konfransın təşkilinə dair geniş müzakirələr aparılmışdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda EuforDigital (EapConnect2) layihəsinin meneceri Irina Matthews, kommunikasiya üzrə menecer Rosanna Norman, eləcə də GEANT Assosiasiyasından olan digər nümayəndələrlə növbəti görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və digər aidiyyəti şəxslər iştirak edirdi.

“EaPEC 2022” beynəlxalq konfransına hazırlıq, tədbirin təşkili ilə bağlı görülmüş işlər, Şərq Tərəfdaşlığı ölkələri ilə elmi əlaqələrin möhkəmləndirilməsi və s. kimi məsələləri müzakirə etmək görüşün əsas hədəflərindən idi.

Görüşdə əvvəlcə akademik Rasim Əliquliyev çıxış edərək sentyabr ayında keçirilməsi nəzərdə tutulan “EaPEC 2022” konfransının Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi məqsədini daşıdığını söylədi.

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən akademik rəhbərlik etdiyi qurumun Avropa İttifaqı və GEANT Asossiasiyası ilə elmi münasibətlərin inkişafına xüsusi önəm verdiyini, bu kimi nüfuzlu təşkilatlarla əməkdaşlığın AMEA rəhbərliyinin də hər zaman diqqət mərkəzində olduğunu söylədi. Alim AzScienceNet şəbəkəsinin Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a 2016-cı ildən qoşulduğunu xatırlatdı.

Akademik “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə etdi:

“EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək”.

Alim GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsinin əhəmiyyətindən bəhs edərək bildirdi ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

EapConnect layihəsi çərçivəsində AzScienceNet şəbəkəsində İnternet sürətinin 3Gbit/san təşkil etdiyini nəzərə çatdıran institut direktoru Azərbaycanın elm və ali təhsil müəssisələrinin bu imkanlardan səmərəli istifadəsinin təmin edilməsinin vacib məsələlərdən olduğunu dedi.

R.Əliquliyev çıxışı zamanı Azərbaycan elmi ictimaiyyətinin “Springer”, “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara çıxışının, müxtəlif elm sahələri üzrə keyfiyyətli kontentlərə, dərslik və məqalələrə əlçaçatanlığının təmin olunmasının, Avropanın elm və təhsil qurumları ilə distant təhsil imkanlarının yaradılmasının əhəmiyyətinə də diqqət çəkdi.  “EaPEC 2022” konfransının Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacağını vurğuladı.

Sonra “EuforDigital” layihəsinin meneceri Irina Matthew çıxış etdi. O, görüşün əhəmiyyətini önə çəkərək Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. İnstitut ilə birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını qeyd edən qonaq alim və tədqiqatçıları GEANT-ın layihələrində, bu qurum tərəfindən təşkil olunan konfrans, iclas və treninqlərdə fəal iştirak etməyə çağırdı.

O, Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının  yüksək səviyyədə təşkilinin önəmini diqqətə çatdırdı: Azərbaycanın elmi tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının diqqətinin bu konfransa cəlb olunması son dərəcə vacibdir”.

Qonaq “EaPEC 2022” konfransının təşkili üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını da dedi.  

Görüş çərçivəsində həmçinin “EaPEC 2022” Təşkilat Komitəsinin GEANT Asossiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, Azərbaycan tərəfindən iştrakçıların və mövzuların müəyyənləşdirilməsi, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati və texniki xarakterli məsələlər müzakirə olundu.

Sonra qonaqlar institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi, Təhsil-İnnovasiya Mərkəzi, Multimedia Mərkəzi, eləcə də Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə yaxından tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.