Elektron təhsilin fərdiləşdirilməsində sosial şəbəkələrdən istifadənin üstünlükləri araşdırılır

05 May 2022 - 17:03 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin elektron təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadə məsələlərinə həsr olunmuş növbəti seminarı keçirilib.

Məruzəni təqdim edən institutun magistrantı Nuranə Bahadurzadə bildirib ki, fərdiləşdirilmiş təlim kurikulumun, pedaqogikanın və öyrənmə mühitinin fərdi tələbələrin öyrənmə tərzinə və ehtiyaclarına uyğunlaşdırılmasıdır. O, təhsilin fərdiləşdirilməsinin bilavasitə təhsil prosesinin mərkəzində şagirdin dayandığı və onun üçün təhsil mühitinin yaradıldığı bilik cəmiyyətinə keçid ehtiyacı ilə birbaşa bağlı olduğunu deyib.

Hazırda dünyanın bir çox universitetlərində Tədris İdarəetmə Sistemindən (LMS) istifadə olunduğunu deyən magistrant bu platformaların maarifləndirici təsirinin az əhəmiyyət kəsb etdiyini və əsasən inzibati məqsədlər üçün istifadə edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bu kimi sistemlərdə tələbələr müəllimləri və sinif yoldaşları ilə qarşılıqlı əlaqədə olur, təhsil perspektivi üçün təlimin məzmununu yoxlamaq imkanı əldə edirlər.

Sosial şəbəkələrin tədris prosesində tələbənin fərdi ehtiyaclarını genişləndirdiyini deyən N.Bahadurzadə bu şəbəkələrin eyni bir maraq və məqsədləri bölüşən çoxlu sayda insanlarla əlaqəni təmin etdiyini diqqətə çatdırıb. O, tədqiqat zamanı təhsil materiallarının məzmununu fərdiləşdirməklə, elektron təhsili təkmilləşdirmək üçün sosial şəbəkələrdən istifadə imkanlarının araşdırıldığını vurğulayıb.

Məruzəçinin sözlərinə görə, sosial şəbəkələrin ilk fundamental araşdırması 1979-cu ildə Uelmanın tədqiqat işində öz əksini tapmış, o, sosial şəbəkələrin təhlili üçün klaster modelləşdirmə alqoritmlərini və əsas ölçülərini işləyib hazırlamışdır.

N.Bahadurzadə sosial şəbəkələrdəki təhsil fəaliyyətinin tələbələrin birgə iş bacarıqlarının inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edərək bəzi hallarda tələbələrin sosial şəbəkələrdən istifadə edərək öyrənmə fəaliyyətində daha yüksək göstəricilərə nail olduqlarını diqqətə çatdırıb. Bildirib ki, tədrisdə sosial texnologiyalardan istifadə tələbələrin motivasiyasını daha da artıra bilər ki, bu da işin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.

Məruzə ətrafında müzakirələr aparılıb, tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.