AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin onlayn elmi seminarında elmlər və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinə dair müzakirələr aparıldı.
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Şəbəkə mühitində kiber insidentlərinin intellektual analizi metodları və alqoritmlərinin işlənməsi” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işi haqqında məlumat verdi. O, işin giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdırdı.
Mövzunun aktuallığından bəhs edən iddiaçı qeyd etdi ki, təhdidləri generasiya edən proqram və ya vasitələrin yaradılmasında, eləcə də tətbiq olunmasında iştirak edən bədniyyətlilərin müəyyən olunması üçün mütəşəkkil həll tətbiq edilməsi yolu olaraq əsasən kibercinayətkarlıqla mübarizə komandasının təcrübəsinə əsaslanılır. Məruzəçinin sözlərinə görə, operativliyin yüksəldilməsi, insan faktorunun minimallaşdırılması və yeni təhdidlərə uyğun reaksiyanın verilməsi üçün bu prosesin tam və ya qismən intellektuallaşdırılmasına bu problemin əsas həlli yolu kimi baxıla bilər.
B.Nəbiyev dissertasiya işinin məqsədinin şəbəkə mühitində təhdid generasiya edən hadisələrin analizi, onların qarşısının alınması, insidentlərin səbəblərinin aşkarlanması, qiymətləndirilməsi və eləcə də istifadə olunan boşluqların müəyyən olunmasına imkan verən intellektual analiz metod və alqoritmlərin işlənməsi olduğunu bildirdi.
Tədqiqatçı dissertasiya işində qarşıya qoyulmuş məsələlərə nəzər saldı. Söylədi ki, bunlara şəbəkə insidentlərinin elmi-nəzəri problemləri, yanaşmaları və perspektivlərin müəyyən olunması, şəbəkə mühitində kiber insident vasitələrinin analizi və onların qarşısının alınması üçün metodların işlənilməsi, insidentlərin səbəblərinin aşkarlanması və qiymətləndirilməsi metodlarının işlənilməsi aiddir.
Daha sonra “Kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda məruzə dinlənildi. Mövzuya dair çıxış edən institutun doktorantı Araz Mustafa dissertasiya işinin kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində aktual elmi-nəzəri problemlərin analizi, fərdi məlumatların təhlükəsizliyinin analizi üçün modellərin işlənməsi, təhdidlərin aşkarlanması və qarşısının alınması metodlarının işlənməsi, onların təhlükəsizliyinin təmin olunması üçün sistematik texniki təlimatın hazırlanmasına həsr olunduğunu vurğuladı.
Məruzəçi bildirdi ki, tədqiqat işində qarşıya qoyulmuş məsələlərə kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində aktual elmi-nəzəri problemlərin müəyyən olunması, fərdi məlumatların təhlükəsizliyinin analizi üçün modellərin işlənməsi və s. daxildir. Dissertasiya işi giriş və 4 fəsildən ibarətdir.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd etdi. Bu baxımdan institutda tədqiqatçların elmi fəaliyyətinin monitorinqinin aparılması, doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların müntəzəm olaraq keçirilməsinin, eləcə də bu prosesdə hər bir alimin fəal rolunun əhəmiyyətini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.