Bakıda EaPEC 2022 (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək.
Bu barədə AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev sözügedən tədbirə hazırlıqla bağlı keçirilən onlayn müşavirədə məlumat verib. Konfransın tədbirlər planını təqdim edən məruzəçi qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan bu tədbirin cari il 28-29 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur: “Konfrans Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi məqsədini daşıyır”.
B.Nəbiyev EaPEC 2022 təşkilat komitəsinin GEANT Asossiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, konfransın təşkili ilə bağlı görülmüş işlər, sessiya mövzuları, Azərbaycan tərəfindən iştrakçıların və mövzuların müəyyənləşdirilməsi, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati və texniki xarakterli məsələlər barədə məlumat verib.
O, həmçinin konfransa hazırlıq işləri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən təşkilatçı şirkətlərlə danışıqlar aparıldığını, GEANT tərəfindən müxtəlif şirkətlərə məlumatların göndərildiyini, Azərbaycanda tədbirlərin keçirilə biləcəyi potensial məkanların müəyyənləşdirildiyini diqqətə çatdırıb. Konfrans çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “workshop”ların keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək EaPEC 2022 konfransına hazırlıqla bağlı təklif və tövsiyələrini irəli sürüb.
“Belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsi Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisidir”, - deyən R.Əliquliyev “EaPEC 2022-nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib.
“EaPEC 2022 Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək”, - deyə R.Əliquliyev konfransın əhəmiyyətini vurğulayıb.
Akademik Azərbaycanın aparıcı alim və mütəxəssisləri, xüsusilə rəhbərlik etdiyi elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların bu konfransda fəal iştirakının ölkəmizdə əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından da son dərəcə vacib olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.