Akademik Rasim Əliquliyev: “Ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modeli yaradılır”

26 Yanvar 2022 - 16:42 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “Ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modeli yaradılır”

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək 2 dissertasiya işinə dair müzakirələr aparıldı.

Öncə institutun baş mütəxəssisi Əfruz Qurbanova “Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işini təqdim etdi.

Mövzunun aktuallığından söz açan iddiaçı bildirdi ki, Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət, dilin qorunması və inkişafına dövlət qayğısı, İKT-nin imkanlarının genişlənməsi və bütün sahələrə nüfuz etməsi, terminoloji verilənlər bazalarının yaradılması və s. terminoloji fəaliyyətin inkişaf perspektivlərini ortaya çıxarır, Milli terminoloji informasiya sisteminin işlənməsini zəruri edir.

Ə.Qurbanovanın sözlərinə görə, dissertasiya işinin məqsədi milli terminoloji informasiya mühitinin analizi, real vəziyyətin qiymətləndirilməsi, müvafiq qərarların qəbul edilməsi məqsədi ilə milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsidir. Giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 17 məqalə, 14 tezis və 1 ekspres-informasiya çap olunub.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutda terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartların araşdırılması istiqamətində əsaslı tədqiqatlar aparıldığını bildirdi: “Biz müvafiq biliklər və təklif etdiyimiz yeni yanaşma əsasında ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modelini yaradırıq”.

Alim Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini irəli sürdü, tədqiqatın gələcəkdə də davam etdirilməsinin önəmini vurğuladı.

Sonra institutun baş mütəxəssisi Kəmalə Haşımova çıxış edərək “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Müasir informasiya texnologiyalardan istifadə etməklə reklam və marketinq sahəsində səmərəliliyin artırılmasının, müştəri məmnuniyyətinin təmin edilməsinin mühüm əhəmiyyətə malik olması mövzunun aktuallığını şərtləndirən amillərdəndir”, – deyə iddiaçı bildirdi. Qeyd etdi ki, tədqiqat işinin əsas məqsədi İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnuniyyətinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsidir.

K.Haşımova dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, tədqiqata dair 11 məqalə, 10 tezis və 1 ekspres-informasiyanın nəşr olunduğunu söylədi.

Hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər səsləndirildi.

Akademik Rasim Əliquliyev hər iki dissertasiya işinin aktual problemlərə həsr olunduğunu, müvafiq istiqamətlərdə araşdırmaların intensivləşdirilməsi, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.