“EaPConnect” saytı: Daha bir tədqiqat təşkilatı AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinə qoşulacaq

29 Dekabr 2021 - 12:10 | Konfranslar, İclaslar
“EaPConnect” saytı: Daha bir tədqiqat təşkilatı AzScienceNet  Şəbəkə İdarəetmə Mərkəzinə qoşulacaq

“EaPConnect” saytında “Daha bir tədqiqat təşkilatı – Şamaxı Astrofizika Rəsədxanası AzScienceNet  Şəbəkə İdarəetmə Mərkəzinə qoşulacaq” adlı məqalə dərc olunub. Həmin məqaləni təqdim edirik:

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycanın elmi-tədqiqat və təhsil müəssisələrini şəbəkəyə qoşmağa davam edir. Əsas məqsəd mümkün qədər çox elmi tədqiqat və təhsil müəssisələrini beynəlxalq miqyasda əlaqəli tədqiqat və təhsil şəbəkəsinə qoşmaq, onları AzScienceNet və Avropa İttifaqının maliyyələşdirdiyi EaPConnect layihəsi vasitəsilə GÉANT tərəfindən təqdim edilən xidmətlərlə təmin etməkdir. Bu yaxınlarda Şamaxı Astrofizika Rəsədxanasının  AzScienceNet şəbəkəsinə qoşulması planlaşdırılır.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və Mərkəz rəhbərinin müavini Tural Mustafayev 8-10 dekabr 2021-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) ezamiyyətdə olublar.

Səfər çərçivəsində ŞAR-ın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Bölməsinin məsul şəxsləri ilə görüş keçirilib və müzakirələr zamanı bir sıra məsələlərə aydınlıq gətirilib.

Qeyd olunub ki, toplanan məlumatlar əsasında bir sıra işlərin görülməsi rəsədxananın daxili şəbəkə infrastrukturunun, İnternet xidmətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində Cloud computing, Cloud storage və s. xidmətlərdən istifadə etməyə imkan verəcək. Virtual şəbəkə (VLAN) icarəyə veriləcək və ŞAR-ın şəbəkəsini AzScienceNet-ə qoşmaq üçün AzTelecom İnternet Provayderi vasitəsilə konfiqurasiya ediləcək.

Həmçinin Stenford Universitetinin Elektronika Mühəndisliyi fakültəsinin layihəsi olan Effektlərin Müşahidəsi və Modelləşdirilməsi üçün Atmosfer Havası Təhsil Sisteminin tətbiqi ilə bağlı “Stanford VLF Data” avadanlığından generasiya olunan məlumatların onlayn rejimdə emal edilməsi, saxlanılması və arxivləşdirilməsi mümkün olacaq.

Rəsədxananın müvafiq binalarının yüksəksürətli fiber-optik əlaqə kanalı ilə təmin edilməsi, bu qurumun, xüsusilə Teleskop – Zeiss-2000 reflektorunun yerləşdiyi binanın daxili şəbəkə infrastrukturunun yaxşılaşdırılması məqsədilə bütün binalarda beynəlxalq şəbəkə standartlarının tələblərinə uyğun tədbirlərin görülməsi, bir sıra avadanlıqların alınması və Wi-Fi şəbəkəsinin yenidən qurulması nəzərdə tutulan işlərdəndir. ŞAR qoşulduqdan sonra rəsədxanada qlobal tədqiqat və təhsil Wi-Fi rouminq xidməti olan EduRoam-un quraşdırılması da planlaşdırılır.

Bu tədbirlərin görülməsi  ŞAR ilə onun Bakı şəhər bölməsi arasında birbaşa əlaqə yaradacaq və rəsədxana əməkdaşlarının biri-biri ilə daha rahat məlumat mübadiləsi aparmalarına imkan verəcək.

ŞAR-ın şəbəkəyə qoşulması AzScienceNet şəbəkəsinə qoşulan elmi tədqiqat və təhsil müəssisələrinin sayını 61-ə çatdıracaq. Yaxın gələcəkdə digər əlaqədar təşkilatların da şəbəkəyə qoşulması gözlənilir.

eapconnect.eu