AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Nəzakət Məlikova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nun (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində “Proqram təminatının avtomatlaşdırılmış sınaq metodlarının təhlili” adlı məruzə ilə çıxış edib.
N.Məlikova məruzəsində bildirib ki, çoxprosessorlu, çoxnüvəli və klaster texnologiyalarının geniş yayılması ilə paralel proqramların işlənilməsi məsələsi daha da aktuallaşır. Proqram təminatı paralel proqramlar da daxil olmaqla, kompüter sistemlərinin etibarlı işinin əsas elementinə çevrildiyini deyən məruzəçi təyinatından asılı olmayaraq proqram təminatının müəyyən səhvlərə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paralel proqramlaşdırma texnologiyalarının tətbiqi adi proqram təminatının səhvlərinə paralelləşdirmə ilə bağlı spesifik səhvlərin də əlavə olunmasına gətirib çıxarır.
“Bu səhvlərin qarşısını almaq və yüksək keyfiyyətli proqram məhsulu istehsal etmək üçün proqram təminatı sınaq mərhələsindən keçir, istifadəçilərin tələblərinə uyğunluğu yoxlanılır və bundan sonra tam istismara verilir”, - deyən N.Məlikova proqram təminatının sınağı zamanı onun həyat dövrünün müxtəlif mərhələlərində sınaq üsullarından istifadə edilərək səhvlərin aradan qaldırıldığını diqqətə çatdırıb.
Məruzəçi bildirib ki, sınağın uğurlu və səmərəli keçirilməsi üçün əsas amillər müvafiq metodların və düzgün alətlərin seçilməsidir. Onun sözlərinə görə, proqram təminatının sınağında ənənəvi test üsullarından istifadə edilməsi yerinə yetirilmə müddətinin uzun olması və əlavə işçi qüvvəsinə ehtiyac yaranması səbəbindən əlverişsiz hesab olunur.
N.Məlikova əlavə edib ki, bütün bu problemlər avtomatlaşdırılmış sınaq üsullarının tətbiqi ilə asanlıqla aradan qaldırıla bilir. Sınaq prosesinin avtomatlaşdırılması büdcəyə qənaət edir, test tapşırıqlarının keyfiyyətini və proqram təminatının etibarlılığını artırmağa kömək edir.
O, son zamanlar proqram təminatının sınağında süni intellekt və maşın təlimi metodlarının tətbiqinin artmaqda olduğunu qeyd edərək bu metodların tətbiqinə dair nümunələri təqdim edib.
Sonda məruzəçi vurğulayıb ki, proqram təminatını sınaqdan keçirmək və onun standartlara uyğun olmasını yoxlamaq üçün bir neçə metoddan istifadə edilməsi tələb olunur. Əlavə edib ki, avtomatlaşdırılmış sınağın bütün tələbatlarını ödəyə bilən vahid alətlərin olmaması alətlərin düzgün seçilməsini çətinləşdirir.
“Proqram təminatının sınağını keyfiyyətlə aparmaq üçün bu sahədə yeni nailiyyətlərin nəzərə alınması və yeni metodların işlənilməsi vacib məələlərdəndir, - deyə məruzəçi qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.