Industry 4.0-da IOT platformasında smart bilbordlar şəbəkəsinin intellektual idarə olunması məsələləri tədqiq edilib

15 Dekabr 2021 - 10:58 | Konfranslar, İclaslar

Industry 4.0-un sürətlə yayılması reklam-marketinq sahəsində yeni texnologiyaların tətbiqinə geniş yol açdı. İstər küçə reklamı, istərsə də İnternet reklam marketinqin inkişafında süni intellekt texnologiyalarının xüsusi rolu vardır. Smart bilbord və sensorlu interaktiv lövhələr yeni texnologiyalara əsaslanmaqla küçə, magistral yollar boyunca quraşdırılmaqla daha çox müştəri cəlb edir. 

Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) müzakirə olunan məsələlərdən biri də “Industry 4.0-da IOT platformasında smart bilbordlar şəbəkəsinin intellektual idarə olunması” məsələlərinə həsr olunmuşdu.

Bu barədə beynəlxalq konfransda məruzə ilə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Haşımova qeyd edib ki, müasir texnologiyalara yiyələnən marketoloqlar istifadəçilərin əldə etmək istədikləri məhsulları vaxtında təqdim edə bilirlər. Süni intellekt bir çox müasir sahələri media, reklam, elm, tibb və s. sahələri əhatə edir. Kiber-fiziki sistemlərin geniş yayıldığı müasir dövrdə intellektual alqoritmlərin köməyi ilə yaradılmış maşınlar demək olar ki, bütün sahələrdə insan əməyini yüngülləşdirir:

“İnteraktiv və proqramlı reklamların inkişafına texnoloji, iqtisadi və sosioloji amillər təsir göstərir. “Ağıllı” reklamların ortaya çıxması böyük məlumatlar, alqoritm və bulud hesablamalarla idarə olunur. Eyni zamanda, onun daha da böyüməsi süni intellekt texnologiyalarına yatırımlar, sənaye yeniliyi, dövlət tənzimləməsi və son istifadəçilər tərəfindən qəbul edilməsi biznes amillərindən asılı ola bilər. Zamanla süni intellekt yalnız məlumatları təhlil etmir, həm də yeniliklər yaratmaqda insanlara kömək edir”.

O, həmçinin bildirib ki, məqalədə süni intellektin reklam sahəsində tətbiqi, onların iş prinsipi araşdırılmış, bu sahədə yeni texnologiyaların tətbiqi prosesləri öyrənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.