Superkompüterlərin hesablama gücünün artmasına baxmayaraq, onların köməyi ilə həll edilə bilməyən bir çox mürəkkəb və resurs tutumlu məsələlər mövcuddur. Bu problem çoxlu sayda coğrafi paylanmış resurslardan istifadə etməklə həll edilə bilər. Bu resursları birləşdirmək üçün qrid hesablama sistemindən istifadə olunur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Qrid hesablamaları şəbəkələrinin monitorinqi sistemlərinin analizi” mövzusunda məruzə ilə çıxış edərkən belə deyib.
R.Şıxəliyev bildirib ki, qrid hesablama İnternet üzərindən hesablama gücünü və yaddaş resursunu paylaşan sistemlər toplusudur. Qrid tətbiqləri adətən böyük həcmdə məlumat və/yaxud hesablamaları əhatə edir. Adətən, qrid sistemlərinin məqsədləri fərqlidir və buna görə də onların xüsusiyyətləri, arxitekturası və istifadə üsulları fərqlidir:
“Belə bir hesablama mühitində mərkəzi prosessor vaxtının, şəbəkə buraxma zolağının və disk yaddaşı kimi resursların əlyetən olması yük balansı üçün çox vacibdir. Bunun üçün qrid sisteminin işi daim monitorinq olunmalıdır ki, bu da məhsuldarlıq problemlərini müəyyən etməyə və sistemin fəaliyyətini optimallaşdırmaağa imkan verəcəkdir. Bunun üçün, monitorinq sistemi böyük həcmdə monitorinq məlumatlarını emal etməli, həmçinin bu məlumatların idarə edilməsi, paylanması və təhlilinə imkan verməlidir”.
Bununla yanaşı, cari problemlərin qarşısını almaq üçün həm real vaxt rejimində məlumat analizini, həm də hesablama sisteminin məhsuldarlığı və davranışının proqnozlaşdırması üçün məlumatların analizini dəstəkləməlidir. Qrid sistemlərinin monitorinqi üçün müxtəlif sistemlər mövcuddur.
Məruzəçi tədqiqat zamanı müxtəlif qrid sistemlərin resurslarının monitorinqi sistemlərinin analiz edildiyini də vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.