AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti onlayn seminarı keçirilib. İnstitutun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova “Sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlərin analizi” mövzusunda məruzəni təqdim edib.
Məruzəçi İnternet, sosial media, mobil telefonlar və daha geniş anlamda, rəqəmsal texnologiyaların qlobal yayılmasının demoqrafik tədqiqatlar üçün yeni imkanlar yaratdığını bildirib. Hazırda İnternet trafikinin böyük bir hissəsini sosial şəbəkə saytlarının təşkil etdiyini, sosial media, İnternet və “ağıllı” telefonlardan istifadənin insanların gündəlik fəaliyyətlərinə, həyatlarına və demoqrafik davranışlara təsir göstərdiyini diqqətə çatdırıb.
“Demoqrafiya əhali artımının qanunauyğunluqlarını, sosial-iqtisadi şəraitdən və təbii amillərdən asılılığını, miqrasiya, əhali sıxlığı və onun paylanmasını öyrənən elmdir. Demoqrafiya multidissiplinar tədqiqat sahəsi kimi, əhalinin strukturu, yerləşməsi, miqrasiyası və dinamikasında baş verən sosial, iqtisadi, mədəni, tibbi-bioloji, coğrafi və s. amillər əsasında hadisələrin və proseslərin qanunauyğunluqlarını tədqiq edir”, – deyə R.Qasımova bildirib. Müvafiq sahədə mövcud tədqiqatlar, tədqiqat metodları, demoqrafiya elmində gedən ixtisaslaşma prosesi və s. barədə ətraflı məlumat verib.
Sosial şəbəkələrdəki verilənlərin analizi, metodlar və tətbiqlər haqqında danışan məruzəçi bildirib ki, demoqrafik proseslərə, əhalinin sosial-iqtisadi vəziyyətinə əhali sayı, doğum və ölüm, miqrasiya, yaş strukturu, milli və etnik tərkib, əhalinin coğrafi yerləşməsi təsir göstərir və bu göstəricilərin demoqrafik tədqiqatlarda nəzərə alınması zəruridir. Bu səbəbdən də sosial şəbəkə xidmətlərinin analitik sistemlərində toplanan verilənlər demoqrafik tədqiqatların və statistikanın aparılması üçün yeni məlumat mənbəyi kimi istifadə olunur.
Onun sözlərinə görə, hazırda dünyada tədqiqat mərkəzləri və analitik şirkətlərin mütəxəssisləri sosial şəbəkələrdən əldə edilən verilənlərdən şəxsi səviyyədən dövlət səviyyəsinə kimi sosial, iqtisadi, siyasi və digər proseslərin modelləşdirilməsi, bu proseslərə təsir mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin innovativ analitik və biznes tətbiqləri, xidmətləri yaratmaq məqsədilə istifadə edirlər. Məhz insanların demoqrafik davranışlarının araşdırılmasında sosial şəbəkə istifadəçilərinin məlumatları yeni unikal verilənlər mənbələri hesab olunur.
Tədqiqatçı qeyd edib ki, demoqrafiyada informasiya mənbəyi kimi əsas yeri “Meta” (Facebook), “Google”, “Twitter”, “Yandex”, “YouTube”, “LiveJournal” və s. kimi nəhəng İnternet-layihələr tutur. Demoqrafik siyasətin həyata keçirilməsi mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi, təhlili və effektiv qərar qəbul edilməsi üçün bu layihələrin analitik sistemlərində toplanan verilənlərdən effektiv istifadə tələb olunur. Beləliklə, İnternetdə sosial şəbəkə xidmətlərində toplanmış rəqəmsal verilənlər mənbələrindən və intellektual analiz metodlarından istifadə ənənəvi demoqrafiyanın bəzi problemlərinin həll edilməsinə imkan verir.
Sosial şəbəkələrin analizi sistemlərinin xüsusiyyətlərinin araşdırılması nəticəsində məlum olmuşdur ki, sosial şəbəkələri təhlil etmək üçün analizin bütün səviyyələrində müxtəlif rejimlərdə (real vaxt və retrospektiv) işləmək, sosial şəbəkənin müxtəlif obyektlərini təhlil etmək və obyektlər arasındakı bütün əlaqələri nəzərə almaq, riyazi modellərə və intellektual analiz metodlarına əsaslanmaq, məlumat toplamaq üçün müxtəlif açıq mənbəli alt sistemləri (sosial şəbəkələr, bloq saytları, xəbər mənbələri və s.) analiz etmək, böyük həcmli verilənləri (Big Data) emal etmək lazımdır.
O, insanın sosial davranış xüsusiyyətlərini daha dərindən anlamaq üçün sosial şəbəkələrin inkişafındakı əsas tendensiyalardan birinin yeni vasitələrin yaranması, eyni zamanda məlumat və təcrübə mübadiləsi olduğunu söyləyib. İstifadəçi modelinin və sosial şəbəkələrin funksionallığının daha da genişlənməsinin obyektlər və əlaqəli sosial qraflar şəklində yeni növ verilənlərin yaranmasına və nəticədə şəxsi məlumatların emalı ilə əlaqədar problemlərin daha səmərəli həll edilməsinə səbəb olacağını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.