İnstitutun əməkdaşı beynəlxalq konfransın sertifikatı ilə təltif edilib

09 Dekabr 2021 - 09:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Hindistan və Malayziyanın birgə keçirdiyi, nüfuzlu “International Conference on Emerging Technology and Interdisciplinary Sciences” (ICETIS 2021) onlayn konfransında çıxış edib. 

“Proqram təminatının etibarlılığı üçün modellərin təhlili” mövzusunda məruzə edən tədqiqatçı proqram təminatının modelləri haqqında məlumat verib. Qeyd edib ki, proqram təminatının səmərəlilik göstəriciləri onun optimallaşdırılmasında əsas rol oynayır.

Proqram təminatının optimallığının təmin edilməsinin 8 müxtəlif göstəricisi olduğunu qeyd edən Ş.Mahmudova bildirib ki, bu göstəricilərdən ən vacibi onun etibarlılığıdır. Məruzəçinin sözlərinə görə, proqram təminatının etibarlılığı dedikdə müəyyən funksiyaları yerinə yetirmək üçün proqramın xüsusiyyətləri başa düşülür və onlar təyin edilmiş şərtlərlə müəyyən məhdudiyyətlər çərçivəsində saxlanılır.

O, qeyd edib ki, proqram təminatının etibarlılığını artırmaq üçün Vikor metodunu tətbiq etməklə alqoritm işlənilib. Əlavə edib ki, Vikor metodu çoxmeyarlı qərarın analizi metodudur.

Ş.Mahmudova dünyanın 15 ölkəsindən iştirakçıların qoşulduğu konfransda sertifikatla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.