İnstitutun əməkdaşları Milli Tədqiqat və Təhsil Şəbəkələrinin iştirakçı müəssisələri üçün təşkil olunan beynəlxalq seminarda iştirak ediblər

01 Dekabr 2021 - 11:55 | Mühüm hadisələr
İnstitutun əməkdaşları Milli Tədqiqat və Təhsil Şəbəkələrinin iştirakçı müəssisələri üçün təşkil olunan beynəlxalq seminarda iştirak ediblər

22 Noyabr 2021-ci il tarixində EaPConnect2, GEANT GN4-3 layihələrinin təşkilatçılığı ilə “Paylanmış Xidmətdən imtina hücumlarından mühafizə (DdoS - Disturbed Denial Service)” mövzusunda seminar keçirilib.

Seminar EaPConnect layihəsində iştirak edən Milli Tədqiqat və Təhsil Şəbəkələrinin əməkdaşları və iştirakçı institutlar üçün təşkil olunub. Seminarda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və Mərkəz rəhbərinin müavini Tural Mustafayev iştirak ediblər.

Tədbirdə Eap Tədqiqat və Təhsil Şəbəkələrindən olan iştirakçıları DDoS mövzusu ilə tanış etmək və hücumların həyata keçirilməsinə dair məlumatlandırmaq üçün texniki icmal təqdim edilib. Seminarda DDoS hücumların şəbəkə daxilində ən böyük problemlərdən biri olduğu vurğulanıb, çoxlu sayda milli tədqiqat və təhsil şəbəkə təşkilatlarının (NRENs) hər ay bu hücumlar barədə məlumat verdiyi bildirilib.

Seminarın birici sessiyasında Almaniyanın Tədqiqat və Təhsil Şəbəkəsinin əməkdaşı Klaus Möller (DFN-CERT)  DDoS Hücumlarına Giriş – Hücumçuların motivasiyası və iş rejiminə ümumi baxış mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara hücumlar, hücumçular, onların motivasiyası və iş prinsipi haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, artıq 20 ildən çoxdur ki, mövcud olan DDoS hücumları bu müddət ərzində təkmilləşərək internet provayderlərini sıradan çıxartmaq üçün kifayət qədər terrabitə çatmışdır. Faktiki DDoS hücumları çox az dəyişsə də, hücumların təşkili, onların komponentlərinin yerləşdirilməsi və hücumçuların motivləri inkişaf edib.

İkinci sessiyada Klaus Möller Seçilmiş DDoS Hücumlarının təfərrüatları - Hücumlar texniki baxımdan necə işləyir? mövzusunda təqdimatla çıxış edib. O, ən çox yayılmış DDoS mexanizmlərinin texniki təfərrüatları – gücləndirmə və əks etdirmə, onlar üçün istifadə olunan xidmətlər barədə geniş məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.