Süni immun sistemlərindən istifadə etməklə proqram təminatına Bayes metodu tətbiq edilərək yeni alqoritm işlənilib

19 Noyabr 2021 - 12:41 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin 2021-ci il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov şöbənin cari il ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə tədqiqatlar  informasiya texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri” və “İnformasiya  təhlükəsizliyinin elmi-nəzəri problemləri” üzrə aparılmışdır.

T. Kazımov elmi-tədqiqat işləri üzrə məlumat verərək “İntellektual proqram sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsi”, “Proqram təminatının etibarlılığının artırılması üçün metod və modelin işlənilməsi”  və  “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını bildirdi. Mövzu üzrə çap olunmuş məqalələr və məruzə olunmuş konfrans materiallarını nəzərə çatdırdı. O, qeyd etdi ki, süni immun sistemlərindən istifadə etməklə proqram təminatına Bayes metodu tətbiq edilərək yeni alqoritm işlənmişdir.

Proqram təminatının mürəkkəbliyinin hesablanması üçün metodların müqayisəli təhlili verilmiş və yeni metod təklif edilmişdir. Proqram təminatında baş verən xətaların səbəbləri araşdırılmış və onların aşkar edilməsi üçün yeni metod təklif edilmişdir. Proqram təminatının intellektual sınaq metodları təhlil edilmişdir.

Uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunması üçün digər ölkələrdə olan Milli Təhlükəsiz İnternet Mərkəzlərinin fəaliyyəti araşdırılmış, Azərbaycanda belə mərkəzin yaradılması və fəaliyyətinə dair tövsiyyələr verilmişdir. Uşaqların İnternetə girişi zamanı yaş kateqoriyası nəzərə alınmaqla onlara təqdim olunan informasiyanın AHP üsulu ilə seçilməsi təklif  edilmişdir. Uşaqların loq fayllarının təhlili əsasında  onların İnternet asılılıq dərəcəsi müəyyən edilmiş  və uyğun qiymətləndirmələr aparılmışdır. İşdə maşın təlimi metodlarından istifadə edilmişdir.  İnternetdə zərərli şəkil kontentinin klassifikasiyasını həyata keçirən ChildNet modeli təklif edilmişdir. Veb-səhifələrdəki mətnlərdə vulqarizmləri aşkar edən bir yanaşma təklif olunmuşdur. Naive Bayes alqoritmlərindən istifadə etməklə mətnlərin klassifikasiyası həyata keçirilmişdir.

T. Kazımov  şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi. O, həmçinin qeyd etdi ki, şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinə kompüter elmləri ixtisası üzrə təcrübənin keçirilməsinə rəhbərlik edilmişdir.

Məruzəçi şöbənin elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da ətraflı məlumat verdi.

Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.