E-demoqrafiya sahəsində qərarların qəbulunu dəstəkləyən sistem işlənilir

17 Noyabr 2021 - 10:59 | Konfranslar, İclaslar
E-demoqrafiya sahəsində qərarların qəbulunu dəstəkləyən sistem işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2021-ci il üzrə illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova il ərzində görülən elmi-tədqiqat işləri barədə danışıb. Bu il NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransa “Sənaye 4.0 çağırışlarının demoqrafik proseslərə təsirinin təhlili və tədqiqi” mövzusunda məruzənin təqdim olunduğunu söyləyib.

Sonra o, “E-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi problemləri” üzrə e-demoqrafiya sahəsində qərarların qəbulunu dəstəkləyən sistemin işlənilməsi, e-demoqrafiya mühitində OLAP texnologiyasının tətbiqi istiqamətində aparılan tədqiqatlar və çap olunan məqalələr haqqında məlumat verib.

Məruzəçi “Virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri” mövzusunda intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiqi istiqamətində görülən işləri diqqətə çatdırıb. Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin riyazi modelləşdirilməsi, mətnlərdən terminlərin avtomatik çıxarılması metodlarının tədqqi və müqaisəli analizi ilə bağlı aparılan araşdırmalar və çap olunan məqalələr haqqında məlumat verib. Həmçinin kosmopolit e-dövlətdən milli e-dövlətə doğru: virtual mühitdə azərbaycan dili xidmətlərinin yaradılması perspektivləri, Milli Toponimik Geoinformasiya Sisteminin yaradılmasının konseptual əsaslarına dair araşdırmaların aparıldığını və məqalələrin çap olunduğunu söyləyib.

G.Nəbibəyova şöbənin elmi-tədqiqat işləri çərçivəsində intellektual transliterasiya interfeyslərinin işlənilməsi, Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə qarşılıqlı transliterasiyası üçün müxtəlif metodların tətbiqi,veb-spamlarla mübarizə texnologiyaları,  milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması,  analizi və qiymətləndirilməsi metodunun işlənməsi istiqamətində araşdırmaların aparıldığını və məqalələrin çap olunduğunu nəzərə çatdırıb. Bildirib ki, il ərzində tanınmış elmi jurnallarda 9 məqalə çap olunub ki, bunlardan 3-ü nüfuzlu Web of Science”, 1-i Scopus elmi bazalarına daxildir.

Şöbə rəhbəri elmi-pedaqoji fəaliyyət çərçivəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasına üzvlük edildiyini və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak olunduğunu deyib.

O, həmçinin şöbənin elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, eləcə də elmmetrik göstəriciləri haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbədə e-demoqrafiya mühitində OLAP texnologiyasının tətbiqi,  virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri, kiberməkanda cəmiyyətin sosial təhlükəsizliyinin araşdırılması, eləcə də digər mövzularda aparılan tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin hesabatı təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.