Nigar İsmayılovanın namizədliyi Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim olundu

20 Noyabr 2014 - 15:19 | Mühüm hadisələr
Nigar İsmayılovanın namizədliyi Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim olundu

AMEA Rəyasət Heyətində “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunan namizədlərin müəyyənləşdirilməsi üzrə Ekspert komissiyasının iclası keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından namizədliyi irəli sürülmüş 13 gənc alim, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun namizədi, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova elmi fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, o, qeyri-səlis çoxluqlar, elmmetriya, bibliometriya, text mining, elmin bibliometrik xəritələrinin yaradılması, sosial şəbəkələrin analizi texnologiyaları, tədqiqatın qiymətləndirilməsi, elmin idarə olunmasına və maliyələşdirilməsinə bibliometriyanın tətbiqi sahələrində tədqiqatlar aparır.

Sonra gənc alim AMEA prezidenti, akademik Akif Əlizadə və Ekspert komissiyası üzvlərinin ünvanladığı sualları cavablandırıb.

Qeyd edək ki, Rəyasət Heyətinin noyabrın 19-da keçirilmiş iclasında Prezident mükafatına namizəd olan 14 gənc alimdən 4-nün siyahısının dekabrın 1-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim edilməsi qərara alınıb. Namizədliyi irəli sürülən gənc tədqiqatçılar texnika üzrə fəlsəfə doktoru N.İsmayılova, AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və AMEA Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.