AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları elmi-tədqiqat işi AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda təqdim olunub.
“Dəniz neft-qaz platformasında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sisteminin arxitekturası” adlı məruzəyə dair çıxış edən professor M.Məmmədova bildirib ki, tədqiqat işində dəniz neft-qaz platformasında çalışan işçilərin sağlamlığının uzaqdan fasiləsiz monitorinqi üçün Əşyaların İnterneti (Internet of Things (IoT)) və elektron tibb texnologiyaları əsasında intellektual sistemin işlənilməsi konsepsiyası və arxitekturası təklif olunmuşdur. Dəniz sektorunda ətraf mühitin spesifik cəhətləri, təhlükələr və risklər, neft platformasında işləyənlərin əmək şəraiti və peşəkar fəaliyyəti tədqiq edilmiş, təhlükəsizliyin və sağlamlıq vəziyyətinin idarə olunması istiqamətləri müəyyənləşdirilmişdir.
“İşçilərin səhv qərarlar qəbul etməsi birbaşa onların sağlamlığından, olduğu mühitin sağlamlıq göstəricilərinə təsirindən asılıdır. Bunlar dəniz neft platformasında (DNP) işçilərin davranışını və fəaliyyətini təyin edir, ətraf mühitlə “bağlılıq” kontekstində personalın sağlamlığı və təhlükəsizliyi probleminin tədqiqini aktuallaşdırır. Odur ki, DNP-də çalışanların sağlamlığının idarə olunması üçün işçinin özünü idarəetmənin başlıca komponenti kimi dəyərləndirən insan-mərkəzli yanaşmaya əsaslanan konsepsiya təklif olunmuşdur. Bu konsepsiya işçilərin sağlamlığının həyati-vacib göstəricilərinin uzaqdan fasiləsiz monitorinqini həyat keçirməyə imkan verir”, – deyə məruzəçi bildirib.
M.Məmmədova tədqiqat işində DNP-də çalışanların sağlamlıq vəziyyətinin idarə olunmasının üçmərhələli funksional modelinin, uzaqdan fasiləsiz monitorinqin təşkili metodologiyasının təklif olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu metodologiyaya istinad etməklə, DNP-də çalışanların sağlamlıq vəziyyətinin intellektual idarə olunmasının üçsəviyyəli coğrafi paylanmış sisteminin arxitekturası işlənilmiş, sistemin hər bir səviyyəsinə uyğun IoT şəbəkə infrastrukturu iyerarxik paylanmış hesablama platformalarına (Dew соmputing, Fog соmputing və Cloud соmputing) inteqrasiya olunmuşdur. Struktur komponentlər və hesablama platformaları kəsimində sistemin mümkün reallaşma variantlarından biri müzakirəyə təqdim edilmişdir.
Professorun sözlərinə görə, bu yanaşma DNP-də işçilərin sağlamlığının uzaqdan fasiləsiz monitorinqini, informasiyanın real zamanda sahil təhlükəsizlik xidmətinə çatdırılmasını və beləliklə də, insan faktoru ilə bağlı kritiki situasiyaları vaxtında qiymətləndirməyi və risklərin aradan qaldırılması ilə bağlı operativ qərarlar qəbul etməyi nəzərdə tutur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.