İnstitutda elmi kadr hazırlığının vəziyyəti müzakirə olunub

30 Sentyabr 2021 - 10:08 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında elmi kadr hazırlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək, 2021-2022-ci tədris ili üzrə institutun magistraturasına 9 nəfərin qəbul olunduğunu, hazırda 5 magistrantın 2-ci kursda təhsilini davam etdirdiyini diqqətə çatdırıb.

O, institutun doktorantura fəaliyyəti haqqında da məlumat verib. Bildirib ki, cari ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 1 nəfər qəbul olunub, 4 nəfər isə hazırda öz təhsilini davam etdirir.

Şöbə rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunan fəlsəfə doktorları, eləcə də fəlsəfə doktoru üzrə dissertantura və doktorantura proqramı üzrə təhsil alan şəxslər barədə məlumat verib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev ölkədə elmin koordinatoru olan Azərbaycan Milli Elmlər Akademiyasında yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, Akademiyada magistratura, doktorantura və dissertantura pillələrində təhsilin yüksək səviyyədə təşkili, gənc tədqiqatçıların müxtəlif aktual problemlərin həllinə yönəlmiş fundamental elmi tədqiqatlar aparmaları üçün bütün zəruri addımların atıldığını bildirib.

Elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayan alim qeyd edib ki, hər bir şöbə rəhbəri institutda təhsil alan gənclərlə fəal iş aparmalı, onları elmə həvəsləndirməlidir. Əldə olunan mühüm nəticələr institutdaxili elmi seminarlarda müzakirə edilməli, şöbə əməkdaşlarının bu kimi tədbirlərdə aktiv iştirakı təmin olunmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.