AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın “Veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modeli” mövzusunda məruzəsi müzakirə olundu.
S.Ocaqverdiyeva məruzəni təqdim edərək, veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modelinin işlənilməsinə dair yerinə yetirilən işlər haqqında məlumat verdi. O, İnternet istifadəçilərinin bir hissəsinin uşaq və yeniyetmələrdən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, onların İnternet mühitində zərərli informasiyadan qorunması aktual problemlərdən biridir. Son dövrlərdə isə sosial şəbəkələr, forumlar, bloqlar və digər rəy mənbələrində söyüş ifadələri, nifrət, terror, qəddarlıq və s. məzmunlu fikirlərlə zəngin kontentlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır.
“İnternetdə zərərli məzmunla qarşılaşma uşaqların sağlamlığı və psixologiyasına öz mənfi təsirini göstərir. Bu faktorlara əsasən, veb-səhifələrdə olan zərərli məzmunun daha dəqiq müəyyənləşdirilməsi və süzülməsi üçün mətn aşkarlama metodlarının inkişaf etdirilməsinə ehtiyac vardır”, – deyə məruzəçi bildirdi.
Onun sözlərinə görə, veb-səhifələrdə olan vulqar danışıq, leksikon (söyüş, jarqon, təhqir və s.) uşaq auditoriyası üçün zərərli məzmun hesab edilir. Onlayn mühitdə uşaq və yeniyetmələrin vulqarizmlərlə qarşılaşması müxtəlif mənfi hallara səbəb olur. Belə ki, uşaqlar psixoloji sarsıntı keçirir, özlərini alçaldılmış hesab edir və ya intihara təşəbbüs göstərirlər.
S. Ocaqverdiyeva tədqiqat işində maşın təlimi metodlarından istifadə etməklə vulqarizmlərin aşkarlanması istiqamətində yanaşmanın təklif edildiyini diqqətə çatdırdı. Bu yanaşmanın uşaq və yeniyetmələrin veb-səhifələrdə zərərli məzmundan qorunması, onların İnternet təhlükəsizliyinin təmin olunması və informasiya mədəniyyətinin formalaşmasına köməklik göstərəcəyini vurğuladı.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, veb-kontentlərdə vulqar sözlərin aşkarlanması istiqamətində aparılan tədqiqatın önəmindən söz açdı. Alim tədqiqat işinin elmiliyinin artırılmasının zəruriliyini vurğuladı, araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.