İnstitutun Elmi şurasının onlayn iclasında İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı təqdim olunub.
Şöbənin müdiri Rasim Mahmudov çıxış edərək öncə 2021-ci ilin 6 ayı ərzində www.ikt.az saytına olan müraciətlərin aylar üzrə paylanmasına dair statistikanı təqdim edib. Bildirib ki, yarım il ərzinda sayta ümumilikdə 173085 dəfə müraciət olunub.
2021-ci ilin yanvar-iyun ayları ərzində ikt.az-a olan müraciətlərin ölkələr üzrə paylanması barədə məlumat verən şöbə rəhbəri, sayta Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, Türkiyə, Ukrayna və s. daxil olmaqla 60-a yaxın dövlətdən müraciət olunduğunu söyləyib.
O, cari ilin yanvar-iyun ayları üçün institutun fəaliyyətinin mediada işıqlandırılması və əməkdaşların kütləvi informasiya vasitələrində çıxışlarına dair göstəriciləri, eləcə də ikt.az saytına göndərilən materialların sayı əsasında şöbələrin reytinqini təqdim edib. İnfoTV-də hazırlanan video-materialların statistikasını nəzərə çatdırıb.
Şöbə rəhbəri institut əməkdaşları tərəfindən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) 11 müsahibənin verildiyini də söyləyib.
Sonra o, İctimaiyyətlə əlaqələr şöbəsinin qarşısında duran yeni vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, buraya institutda həyata keçirilən struktur dəyişikliklərinə uyğun olaraq ikt.az saytının yenilənməsi, saytın proqram təminatı, dizaynı və kontent təminatının təkmilləşdirilməsi, saytın mobil versiyasının keyfiyyətinin yaxşılaşdırılması, media ilə əlaqələrin gücləndirilməsi, institutun alim və mütəxəssislərinin İKT sahəsində dövlət siyasəti ilə bağlı KİV-də çıxışlarının intensivləşdirilməsi və s. tədbirlər daxildir.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, kütləvi informasiya vasitələri ilə münasibətlərin yüksək səviyyədə təşkilində İctimaiyyətlə əlaqələr şöbəsinin fəal rolunu yüksək qiymətləndirib.
Alim bildirib ki, müasir dövrdə veb texnologiyaların sürətli inkişafı, saytlarla bağlı yeni tələblərin formalaşması, institutda həyata keçirilən struktur dəyişiklikləri və digər səbəblər ikt.az saytının konsepsiyasının yenidən işlənilməsini zəruri edir.
“Bütün əməkdaşlar institutun elmi nailiyyətlərinin işıqlandırılması işini həyata keçirən ikt.az saytının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verməli, yeni konsepsiyanın işlənilməsində fəal iştirak etməlidir”, - deyə alim əlavə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.