İnstitutda elmi kadr hazırlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

29 İyul 2021 - 16:16 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında elmi kadr hazırlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov mövzuya dair çıxış edərək qeyd edib ki, institutda magistratura pilləsi üzrə 2020-2021-ci tədris ilində 8 magistrant dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək məzun olmuşdur. Hazırda 5 magistrant 2-ci kursda təhsilini davam etdirir.

F.Yusifov cari ildə institutun magistraturasına 9 yer ayrıldığını, artıq qəbul üzrə müsabiqənin keçirildiyini, sənəd qəbulunun aparıldığını söyləyib.  

O, institutun doktorantura fəaliyyəti haqqında da məlumat verib. 2020-ci ildə doktoranturaya qəbul olunmuş 4 nəfərin hazırda öz təhsillərini davam etdirdiklərini deyib.

Şöbə rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunan fəlsəfə doktorları, eləcə də fəlsəfə doktoru üzrə dissertantura və doktorantura proqramı üzrə təhsil alan şəxslər barədə məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib. Bildirib ki, hər bir şöbə rəhbəri institutda təhsil alan magistrantlarla fəal iş aparmalı, gənclərə dəstək göstərərək onları elmə həvəsləndirməlidir.

R.Əliquliyev instututda mütəmadi olaraq elmi seminarların keçirilməsinin əhəmiyyətindən də söz açıb: “Əldə olunan mühüm nəticələr institutdaxili elmi seminarlarda müzakirə edilməli, şöbə əməkdaşlarının bu kimi tədbirlərdə fəal iştirakı təmin olunmalıdır. Bu, bütövlükdə institutun elmi fəaliyyətinin optimallaşdırılması baxımından son dərəcə zəruridir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.