AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Rasim Mahmudovun həmmüəllif olduqları “Plagiarism in Azerbaijan: Problems and Solutions” adlı məqalə “Journal of Information Ethics” nəşrində dərc olunub.
Məqalə Azərbaycanda plagiatlıqla mübarizə problemlərinə həsr olunub. Bu problemlərin həlli üçün, ilk növbədə, milli elektron kontentin formalaşdırılması və milli antiplagiat sisteminin yaradılmasının zəruriliyi əsaslandırılıb. Müvafiq kontentin formalaşdırılması üçün vacib olan tədbirlər göstərilib. Həmçinin milli antiplagiat sisteminin konseptual modeli təklif edilib. Plagiatlıqla mübarizənin hüquqi, ictimai qınaq və maarifləndirmə metodlarının tətbiqinə dair tövsiyələr işlənib. Azərbaycanda plagiatlığa yol açan sosial-psixoloji amillər analiz edilib və onların aradan qaldırılması yolları təklif edilib.
Qeyd edək ki, ABŞ-ın “McFarland” nəşriyyatı tərəfindən çap olunan “Journal of Information Ethics” “Scopus” bazasında indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.