Kiber-fiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemləri araşdırılır

14 İyul 2021 - 11:37 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2021-ci il üzrə yarımillik hesabat iclasları davam edir.

Növbəti onlayn iclasda 11 saylı şöbənin 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Şakir Mehdiyev öncə rəhbərlik etdiyi struktur bölmənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi.

O, “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində tədqiqatların 6 ay ərzində davam etdirildiyini diqqətə çatdırdı. “Industry 4.0 platformasında kiber-fiziki sistemlərin analizi və sintezi problemləri” üzrə kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin araşdırıldığını söylədi.

Sonra məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, elmi-pedaqoji, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verdi. Tanınmış elmi jurnallarda 2 məqalənin nəşr olunduğunu dedi.

Ş.Mehdiyev bildirdi ki, şöbə Daşkənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyində (MDB) informasiya təhlükəsizliyinin təmin olunması üzrə Beynəlxalq Ekspert Forumunda Azərbaycanı təmsil etmişdir. Kütləvi informasiya vasitələrində “İşğaldan azad edilmiş ərazilərimizdə yaxın gələcəkdə “ağıllı şəhər” və “ağıllı kənd” nümunələrini görəcəyik” mövzusunda müsahibə yayımlanmışdır.

Sonra hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin 6 aylıq hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.