Elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılıb

13 İyul 2021 - 12:01 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 6 ay ərzində görülən elmi-tədqiqat işləri barədə danışıb.

O, “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” üzrə e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi, elektron demoqrafiyada qərar dəstəyi sisteminin analizi ilə bağlı aparılan tədqiqatlar və çap olunan məqalələr haqqında məlumat verib.

Məruzəçi “Virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri” mövzusunda intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiqi istiqamətində görülən işləri diqqətə çatdırıb. Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi, mətnlərdən terminlərin avtomatik çıxarılması metodlarının araşdırılması və müqaisəli analizi ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. Həmçinin kosmopolit e-dövlətdən milli e-dövlətə doğru: virtual mühitdə azərbaycan dili xidmətlərinin yaradılması perspektivləri, Milli Toponimik Geoinformasiya Sisteminin yaradılmasının konseptual əsaslarına dair məqalələrin hazırlandığını söyləyib.

G.Nəbibəyova şöbənin elmi-tədqiqat işləri çərçivəsində intellektual transliterasiya interfeyslərinin işlənilməsi, veb-spamlarla mübarizə texnologiyaları,  milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması,  analizi və qiymətləndirilməsi metodunun işlənməsi istiqamətində araşdırmaların davam etdirildiyini nəzərə çatdırıb. Bildirib ki, 6 ay ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunub.

Şöbə rəhbəri elmi-pedaqoji fəaliyyət çərçivəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasına üzvlük edildiyini və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak olunduğunu deyib.

O, həmçinin şöbənin elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, eləcə də elmmetrik göstəriciləri haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbədə virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi, eləcə də digər mövzularda aparılan tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin hesabatı təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.