Cari ildə institutun 9 saylı şöbəsində tədqiqatlar informasiya texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri” və “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri” üzrə aparılıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova şöbənin cari ilin altı ayı ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Ş.Mahmudova elmi-tədqiqat işlərindən söz açaraq “İntellektual proqram sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsi”, “Proqram təminatının etibarlılığının artırılması üçün metod və modelin işlənilməsi” və “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını bildirdi. Mövzu üzrə çap olunmuş məqalələr və məruzə olunmuş konfrans materiallarını nəzərə çatdırdı. O, qeyd etdi ki, süni immun sistemlərindən istifadə etməklə proqram təminatına Bayes metodu tətbiq edilərək yeni alqoritm işlənmişdir.
Proqram sistemlərində baş verən xətaların səbəbləri araşdırılmış və onların aşkar edilməsi üzrə müasir metodların müqayisəli təhlili aparılmışdır. Uşaqların loq faylları təhlil edilməklə onların İnternet asılılığının dərəcələri müəyyən edilmiş və qiymətləndirmələr aparılmışdır. İşdə maşın təlimi metodlarından istifadə edilmişdir.
Ş.Mahmudova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinə Kompüter elmləri ixtisası üzrə təcrübənin keçirilməsinə rəhbərlik edilmişdir
Məruzəçi şöbənin elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da ətraflı məlumat verdi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı.
Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün yarımillik hesabatı elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.