AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2021-ci il yarımillik hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin cari ilin altı ayı ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Məruzəçi bildirdi ki, cari ildə tədqiqatlar informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data analitikası problemləri” üzrə aparılmışdır.
M.Hacırəhimova elmi-tədqiqat işləri üzrə məlumat verərək “E-demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin demoqrafik göstəricilər üzrə klassifikasiyası üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını bildirdi. Mövzu üzrə çap olunmuş məqalələr və məruzə olunmuş konfrans materiallarını nəzərə çatdırdı. O, mətn tipli böyük sosial media məlumatlarının sentiment analizi üçün maşın təlim modelinin işləndiyini, kompüter şəbəkə axın verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması üçün ansambl təlim modelinin işləndiyini və data set-lər üzərində eksperimentlərin aparıldığını diqqətə çatdırdı, bu mövzular üzrə nəşrlər barədə məlumat verdi.
Şöbənin rəhbəri M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində bir magistranta rəhbərlik edildiyini və iyun ayında magistrantın dissertasiya işinin müdafiə etdiyini söylədi.
Məruzəçi şöbənin elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da ətraflı məlumat verdi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı.
Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün yarımillik hesabatı elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.