Elmi tədqiqatların əlaqələn­di­ril­mə­si şurasının informasiyalaşdırılması vəziyyəti müzakirə edilib

10 Mart 2021 - 10:26 | Konfranslar, İclaslar

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, eləcə də AMEA-nın digər məsul əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq, müşavirənin elektron elmin mövcud vəziyyəti və inkişaf etdirilməsi, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) informasiyalaşdırılması və digər mühüm məsələlərlə bağlı müzakirələrə həsr olunduğunu qeyd edib.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov RETƏŞ-in  informasi­ya­­laşdırıl­ma­sı çərçivəsində tapşırılan işlərin icrası haqqında məlumat verib.

O, Problem şuralarında qeydiyyatda olan dissertasiya işlərinin vahid sistemdə toplanılaraq AzScienceNet şəbəkəsinin Data mərkəzində xüsusi bir bulud kimi saxlanılması və həmin materiallara onlayn çıxışın təmin olunması üçün virtual resursun ayrıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. RETƏŞ-in maddi-texniki bazasının müasir tələblər əsasında yenidən qurulması və lazım olan texniki avadanlıqlarla təmin olunması məqsədilə müvafiq tədbirlərin görüldüyünü deyib. Həmçinin RETƏŞ-in və müxtəlif elm sahələri üzrə problem şuralarının veb-səhifələrinin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Müşavirədə AMEA Rəyasət Heyəti Aparatının Elmi tədqiqatların əlaqələn­di­ril­mə­si şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova çıxış edərək rəhbəri olduğu şöbənin maddi-texniki bazası və kadr potensialının gücləndirilməsi, həmçinin şuraların veb səhifələrinin yaradılması məqsədilə müəyyən maliyyə və təşkilati problemlərin həllinin zəruri olduğunu bildirib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək AMEA-da elmi kadrlarla bağlı mövcud vəziyyət barədə məlumat verib, akademiyanın bölmələri və institutları üzrə təhlillərin aparıldığını, çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü qeyd edib. Həmçinin “Elmi kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismarına dair görülən işləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra akademik Rasim Əliquliyev RETƏŞ və Elmi tədqiqatların əlaqələn­di­ril­mə­si şöbəsinin əsas vəzifə və funksiyaları haqqında danışıb. Qeyd edib ki, buraya elektron elmin formalaşmasına dəstək göstərilməsi, elmin koordinasiyası ilə bağlı bir sıra işlərin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin koordinasiyasına dair elektron resursların yaradılması, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin işinin təşkili, monitorinqlərin və hesabatların aparılması, elmi kadrların menecmenti və s. aiddir.

R.Əliquliyev “Azərbaycan alimləri diasporu” informasiya sisteminin istismarının yüksək səviyyədə həyata keçirilməsinin RETƏŞ-in qarşısında duran mühüm vəzifələrdən olduğunu nəzərə çatdırıb. Bildirib ki, əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan alim həmvətənlərimizi ölkəmizdə gedən elmi tədqiqat proseslərinə cəlb etmək, onların Azərbaycan elminin inkişafında iştirakı və rolunu artırmaq, həmçinin birgə tədqiqatların aparılması və əməkdaşlığın gücləndirilməsi üçün imkanlar yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.