Fərdi məlumatların “qara bazarı” araşdırılıb

04 Mart 2021 - 13:32 | Yeni nəşrlər
Fərdi məlumatların “qara bazarı” araşdırılıb

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutnun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Rasim Mahmudovun həmmüəllifi olduqları “Особенности “черного рынка” персональных данных и создаваемые им проблемы” (“Fərdi məlumatların “qara bazarı”nın xüsusiyyətləri və yaratdığı problemlər”) adlı məqalə Rusiyanın nüfuzlu “Информационное общество” jurnalında dərc olunub.

Məqalədə göstərilir ki, strateji əhəmiyyətinə görə XXI əsrin valyutası adlandırılan Big Data öz dəyərinə görə neft ehtiyatları ilə müqayisə edilir. Dünyada innovativ təşəbbüslərin, informasiya və bilik iqtisadiyyatının əsasında Big Data analitikası dayanır. Big Data-nın əsasını isə fərdi məlumatlar təşkil edir.

Tədqiqat işində qeyd edilir ki, fərdi məlumatların dəyəri və əhəmiyyəti artdıqca, ona olan tələbat da yüksəlir. Fərdi məlumatların istifadəsi ilə bağlı qanuni məsuliyyət normaları və məhdudiyyətləri mövcud olduğundan, onlardan qanunsuz biznes və cinayət məqsədləri üçün istifadəyə olan tələbat bu sahədə qara bazarın formalaşmasına gətirib çıxarmışdır.

Məqalədə fərdi məlumatların “qara bazar”ının mahiyyəti, xüsusiyyətləri araşdırılır. “Qara bazar”da alqı-satqı obyekti olan məlumat və xidmət növləri, texnologiyalar və onların qiymət siyasəti şərh olunur, həmçinin “qara bazar”da əldə edilən fərdi məlumatların hansı məqsədlər üçün istifadə edildiyi müəyyənləşdirilir. Eyni zamanda, bu cür məlumatların qeyri-qanuni əldə edilməsi və satılmasının şəxsi, korporativ və milli maraqlar baxımından yaratdığı problemlər müəyyənləşdirir və “qara bazar”la mübarizə yolları göstərilir.

Qeyd edək ki, “Информационное общество” jurnalı “Web of Science” bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.