"Google" şirkəti ABŞ-ın NASA Kosmik Agentliyi ilə müqavilə imzalayıb. Razılaşma Kaliforniya ştatında Silikon vadisi yaxınlığında yerləşən Moffet aerodromunun 60 illik icarəsini nəzərdə tutur.
Müqavilənin şərtlərinə görə, NASA icarə haqqı olaraq 1,16 milyard dollar alacaq və aerodromun xərclərinə hər gün 6,3 milyon dollar qənaət edəcək. "Google"un törəmə şirkəti olan "Planetary Ventures LLC" da öz növbəsində, aerodromun müasirləşdirilməsinə, onun ərazisində yerləşən 3 anqarın yenidən qurulması, eyni zamanda təhsil-sərgi kompleksinin yaradılmasına 200 milyon dollar xərcləyəcək.
"Google" və NASA arasındakı danışıqlar 2014-cü ilin fevralından başlayıb və hər iki tərəf bu sövdələşmənin uğurla nəticələnməsində maraqlı olub.
hitech.newsru.com saytından bildirilir ki, "Google" aerodrom və anqarlardan robot texnikası, aviasiya və kosmos ilə bağlı tədqiqatların aparılmasında istifadə edəcək. Şirkətin aerodromun ərazisinə avisasiya və robot texnikası istehsalı ilə məşğul olan Google X bölməsini "daşıyacağı" da istisna olunmur.
Qeyd edək ki, Moffet federal aerodromu əvvəllər ABŞ-ın hərbi-dəniz donanmasına məxsus idi. Burada ABŞ Milli qvardiyasının Kaliforniya hərbi hava güclərinin 129-cu xilasetmə aviasiya qanadı və ABŞ ordu ehtiyatının psixoloji əməliyyatlarının 7-ci qrup qərargahı yerləşir.
1931-ci ildə istifadəyə verilmiş Anqar 1 dünyada sərbəst dayanan ən böyük binalardan biridir. Onun sahəsi təxminən 32 000 kv metr təşkil edir. Anqar 2 və Anqar 3 isə ikinci dünya müharibəsi illərində tikilmişdir və dünyanın ən böyük ağac tikililərindəndir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.