AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2021-ci il üçün elmi-tədqiqat planı onlayn formada müzakirə edildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova şöbənin cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.
O, bildirdi ki, cari ildə “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri”, “Virtual mühitdə Azərbaycan dili və terminoloji informatika problemləri”, “Azərbaycan dili qrafikasının transliterasiyası problemləri”, “İnformasiya təhlükəsizliyi problemləri” və “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” üzrə müxtəlif tədqiqatların aparılması planlaşdırılır.
G.Nəbibəyova “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” üzrə e-demoqrafiya mühitində OLAP-texnologiyaları əsasında qərarların qəbulunu dəstəkləyən sistemin işlənilməsi, həmçinin əhali miqrasiyası və ölkələrarası inteqrasiya ilə bağlı demoqrafik davranışın tədqiq edilməsinin nəzərdə tutulduğunu bildirdi.
2021-ci ildə, həmçinin “Virtual mühitdə Azərbaycan dili və terminoloji informatika problemləri” üzrə terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi, mətnlərdən terminlərin avtomatik çıxarılması metodlarının araşdırılması və müqayisəli analiz edilməsi, həmçinin e-dövlət mühitində Azərbaycan dili xidmətlərinin yaradılması və inkişafı perspektivləri, Milli Toponimik Geoinformasiya Sisteminin yaradılması məsələlərinin analizi planlaşdırılır.
G.Nəbibəyova bildirdi ki, cari ildə “Azərbaycan dili qrafikasının transliterasiyası problemləri” üzrə Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə qarşılıqlı transliterasiyası üçün müxtəlif metodların işlənilməsi, transliterasiya sahəsində mövcud yanaşma və metodların müqayisəli təhlili, fars qrafikasından Azərbaycan dilinin qrafikasına transliterasiya üçün metodun işlənməsi, ekspert sistemlərinin tətbiqi ilə transliterasiya qaydalarının qiymətləndirilməsi metodlarının analizi nəzərdə tutulur.
Şöbə müdiri “İnformasiya təhlükəsizliyi problemləri” üzrə veb-spamlarla mübarizə texnologiyaları və metodları istiqamətində veb-spamlarla mübarizə texnologiyaları və metodlarının müqayisəli analizi, veb-spamlarla mübarizə üçün link analizə və veb-kontent analizə əsaslanan metodların işlənilməsinin planlaşdırıldığı bildirdi.
G.Nəbibəyova həmçinin bildirdi ki, informasiya cəmiyyətində informasiya təhlükəsizliyi problemlərinin araşdırılması, informasiya təhlükəsizliyi insidentlərinin analizi istiqamətində tədqiqatların aparılması da nəzərdə tutulur.
Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın rəsmi www.science.gov.az portalının, İnformasiya Texnologiyaları İnstitutunun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların, “Multimedia qalereyası” sisteminin mütəmadi olaraq dəstəklənməsi, yeni milli transliterasiya standartları əsasında www.transliterasiya.az veb-saytının proqram təminatında dəyişikliklərin yerinə yetirilməsi üzrə işlərinin planlaşdırıldığını qeyd etdi.
O, şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.
Fəaliyyət planına dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonda AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.