İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Azərbaycan Dövlət Televiziyasına müsahibə verib

07 Noyabr 2014 - 17:00 | Müsahibələr, çıxışlar
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Azərbaycan Dövlət Televiziyasına müsahibə verib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Azərbaycan Dövlət Televiziyasının “Tələbə dünyası” verilişinə müsahibə verib.

Gənclərin İnternetin zərərli təsirlərindən qorunması problemlərindən söhbət açan “Elm TV” sektorunun müdiri Xatirə Cabbarzadə bu istiqamətdə dünyanın nüfuzlu təşkilatları tərəfindən həyata keçirilən layihələrdən danışıb. İnstitutda aparılan elmi-tədqiqatların ölkəmizdə formalaşan informasiya cəmiyyətinə elmi dəstək verdiyini ifadə edib. Uşaqlar, yeniyetmə və gənclərin virtual məkanda qarşılaşdığı problemləri nəzərə çatdırıb. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

İnstitutun kiçik elmi işçisi Gülnar Paşayeva son zamanlar qurumda gənc kadrların elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb. O, institut əməkdaşları arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayaraq burada fəaliyyət göstərən doktorant və dissertantların informasiya cəmiyyəti və informasiya texnologiyalarnın müxtəlif problemləri ilə bağlı tədqiqatlar apardıqlarını diqqətə çatdırıb. 

Müasir dövrdə İnternetin Azərbaycan gəncliyi üçün yaratdığı imkanlardan danışan G.Paşayeva institutun Tədris-İnnovasiya Mərkəzində distant təhsilin inkişafı ilə bağlı görülən işlərdən də söz açıb. Bildirib ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantları artıq 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil alırlar. Bu yaxınlarda isə institutun AMEA Gəncə Bölməsində də Distant Tədris Mərkəzi yaradılmışdır.

Bakı Dövlət Universitetinin doktorantı, institutun kiçik elmi işçisi Səadət Ağayeva isə “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” mövzusunda apardığı elmi araşdırmalar haqqında məlumat verib.

Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının mediaya gətirdiyi üstünlüklər internet-medianın monitorinqi və qiymətləndiriməsinin elmi-nəzəri problemlərinin işlənməsini, bu sahədə mövcud problemlərin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsini zəruri edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.