Azərbaycan alimləri COVID-19-un yayılmasını izləmək üçün model təklif ediblər

05 Yanvar 2021 - 10:52 | Yeni nəşrlər
Azərbaycan alimləri COVID-19-un yayılmasını izləmək üçün model təklif ediblər

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “COVID-19 pandemiyasının yayılmasının izlənilməsi üçün qraf modelləşdirmə” (“Graph modelling for tracking the COVID-19 pandemic spread”) adlı məqalə “Infectious Disease Modelling” jurnalında dərc olunub. Jurnal “Web of Science”, “Scopus” elmi bazalarında indeksləşir və Q1 sinfinə daxildir.

Məqalədə qeyd edilir ki, modelləşdirmə yoluxucu xəstəliklərin təsirinin azaldılmasının ən yaxşı strategiyalarının müəyyənləşdirilməsi üçün geniş istifadə olunur. Hazırda COVID-19 infeksiyasının yayılması kimi kompleks sistemin modelləşdirilməsi aktual mövzulardandır. Tədqiqatın məqsədi COVID-19 infeksiyasının yayılmasının qraf modelləşdirilməsidir. Məqalədə xəstəliyin əsas xüsusiyyətləri və onun yayılmasına təsir edən amillər analiz edilir. Xəstəliyə yoluxmuş insanla təmas zamanı sosial məsafəni və onun yerləşdiyi məkana görə demoqrafik xüsusiyyətləri nəzərə almaqla, COVID-19 epidemiyasının konseptual modeli təklif olunur. Eksperimental tədqiqatda COVID-19 infeksiyasının epidemoloji xarakteristikaları nəzərə alınaraq virusun yayılma ssenarisi üzrə ilk yoluxma halı qeyd olunduğu andan virusun insandan insana ötürülməsi prosesinin qraf modeli qurulmuş və vizuallaşdırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.